İşçilərin xeyrinə olan öhdəliklər ildən-ilə artırılır


Baxıldı : 38

Tarix : 2018-02-03 23:10:28


“Bu gün işçilərin əmək hüquqlarının keşiyində dayanan kifayət qədər dövlət qurumları, ictimai və digər təşkilatlar fəaliyyət göstərir. Bu təşkilatlar arasında işçilərin hüquqlarını daha səmərəli qoruya biləni müəssisələrdə yaradılmış həmkarlar ittifaqları təşkilatlarıdır”

 

AHİK-in IV qurultayına

hesabat məruzəsindən

 

Qurultaylararası dövrdə AHİK tərəfindən verilən təlimat və göstərişlərin yerinə yetirilməsindən ötrü Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı (BİHİ) Respublika Komitəsi  lazımi səylər göstərmiş, təsdiq olunan illik iş planına uyğun olaraq müxtəlif xarakterli tədbirlərin həyata keçirilməsini təmin etmişdir.

“Son beş ilə nəzər yetirərkən hesab edirəm ki, bu müddətə biz sahə işçilərinin əmək hüquqlarının və mənafelərinin müdafiəsi, əməkhaqlarının artırılması, sağlamlıqlarının və təhlükəsizliklərinin qorunması, istirahətlərinin təşkili, mədəni-kütləvi və bayram tədbirlərinin keçirilməsi istiqamətində müəyyən işlər görə bilmişik”.

Bunu Bələdiyyə İşçiləri HİRK-in hüquq müfəttişi Məhəmməd Kərimov bildirdi. Qeyd etdi ki, 2012-2017-ci illər ərzində  komitəmiz xidməti dairəsində olan həmkarlar ittifaqı təşkilatlarında 40-dan çox zona seminarı, dəyirmi masa keçirilmişdir.

M.Kərimov bildirdi ki, işçilərin həmkarlar ittifaqı üzvülüyünə cəlb edilməsində, onların  əmək və sosial-iqtisadi mənafelərinin müdafiəsində işəgötürənlə bağlanan kollektiv müqavilələr  əsas rol oynayır. Respublika Komitəsi həmkarlar ittifaqı təşkilatlarına kollektiv müqavilələrin layihələrinin hazırlanmasında əməli kömək göstərmişdir.

Bağlanmış kollektiv müqavilələrdə işçilərin əməkhaqqının artırılması, əmək və sağlamlıqlarının qorunması, istirahətlərinin təşkili və digər məsələlər əsas yer tutmuşdur. Təbii ki, kollektiv müqavilələrin bağlanması ilə yanaşı, onun icra olunması məsələləri də diqqətdə saxlanılmış, bu sahədə görülən işlər ittifaqın seçkili orqanlarında vaxtaşırı müzakirə olunaraq müvafiq qərarlar qəbul edilmişdir.

2014-cü il martın 15-də RK-nın İcraiyyə Komitəsinin iclasında  “Ən yaxşı kollektiv müqavilə” devizi ilə respublika bələdiyyələri arasında müsabiqə keçirilməsi haqda qərar qəbul edilmiş və əsasnaməsi təsdiq olunmuşdur. Müsabiqə haqqında bütün rayon komitələrinə məlumatlar göndərilmişdir.

Məmnuniyyətlə qeyd etməliyəm ki, kollektiv müqavilələrdə işçilərin xeyrinə olan öhdəliklər ildən-ilə artırılır və ən əsası odur ki, həmin öhdəliklərin əksəriyyəti işəgötürənlər tərəfindən yerinə yetirilir.

Bu illər ərzində  Respublika Komitəsi fəaliyyət dairəsinə  uyğun olaraq işçilərin əmək şəraitinin yaxşılaşdırılması, sağlamlıqlarının və təhlükəsizliklərinin qorunması, istirahətlərinin təşkili, mədəni-kütləvi və bayram tədbirlərinin keçirilməsi istiqamətində müəyyən işlər görə bilmişdir. İttifaq üzvlərinə kurort, sanatoriya və istirahət evlərinə güzəştli qiymətlərlə yollayışlar  verilmişdir.

Qeyd etməliyəm ki, son beş ildə hansı işləri görmüşüksə, hansı müvəffəqiyyətlərə nail olmuşuqsa, bütün bunlar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinin Bələdiyyə İşçiləri Həmkarlar İttifaqına göstərdikləri diqqət, qayğı və yardımının nəticəsidir.

Əsli ƏHMƏDOVA