İşçinin tələbi ilə aksiya təşkil edilib


Baxıldı : 193

Tarix : 2017-12-08 18:54:18


"İKEA" mebel şirkətinin İtaliyanın Korsika bölgəsində yerləşən istehsal fabrikinin əməkdaşları tətil elan edib. Buna səbəb burada çalışan Marisa Rikuittianın işdən qovulması olub . Belə ki, Marisa əlil övladları olduğu üçün rəhbərliyə  iş saatlarının dəyişdirilməsi ilə bağlı müraciət edib. Lakin şirkət ailə vəziyyətini nəzərə almaq əvəzinə onu işdən azad edib. İtaliya Əmək Qanunvericiliyində bu tip hallarda istisna və imkanların təşkili ilə bağlı maddələr yer alsa da, vəziyyət dəyişməyib. Üzv olduğu "FİLCAMS CGİL" həmkarlar ittifaqına müraciət edən işçinin tələbi ilə şirkət önündə aksiyalar təşkil edilib.  Çalışanların 70 faizi də hadisə ilə bağlı tətil elan edib.  İttifaq Marisa Rikuittianın əvvəlki işinə bərpa olunmasını və iş saatlarının onun ailə vəziyyəti nəzərə alınaraq dəyişdirilməsini irəli sürüblər. İttifaq məsələ ilə bağlı məhkəməyə də müraciət edib.

Uni Qlobal İttifaqı hadisəyə rəsmi münasibət bildirərək "FİLCAMS CGİL"ə dəstək verib və bütün dünyadakı həmkarlar ittifaqı təşkilatlarından məsələyə həssaslıqla yanaşmalarını istəyib. Qeyd olunub ki, bu təkcə bir qadının işdən çıxarılması deyil, bir ailənin hüquqlarının pozulmasıdır və şirkət bu kimi vəziyyətin uyğun həlli üçün düzgün addımlar atmalıdır.

Cavid SƏFƏROV