İşə cəlbolunma razılıqla aparılmalıdır


Baxıldı : 97

Tarix : 2016-12-24 06:02:14


Böyük Britaniyanın "Scrog Oksford" şəhərarası nəqliyyat şirkəti sürücülərə Milad bayramı zamanı çalışmalarına qarşılıq olaraq əlavə maaş verməkdən boyun qaçırıb. Rəhbərlik 27 dekabr-2 yanvar tarixlərinin ölkədə Milad bayramı kimi qeyd olunmasına baxmayaraq, 350-yə yaxın sürücünü işə cəlb edib və bunun digər günlərdən fərqlənməyəcəyini, əlavə ödənişlərin olmayacağını işçilərin diqqətinə çatdırıb. Qərara etiraz edən işçilər bayram günlərində işə çıxmamağı və tətil keçirməyi planlaşdırır.

"Unite" Həmkarlar İttifaqının regional katibi Mari Hall deyib ki, şirkətin bayram günlərində çalışanları işə cəlb etməsi və buna görə əlavə ödənişdən imtinası qəbuledilməzdir.

Nəqliyyat strukturunun rəhbəri məsələ ilə bağlı bildirib ki, daha öncəki illərdə  Milad bayramı və digər bayramları nəzərə alaraq işçilərə müəyyən güzəştlər olunub. Bu zaman işləyənlərə əlavə ödənişlər də verilib. Lakin hazırkı vəziyyətdə çalışanlara bu güzəştlər edilməyəcək. Çünki buna maddi vəziyyət imkan vermir.  Qeyd olunan günlər şirkətin iş prinsipində tətil kimi qiymətləndirilməyib. Əgər bu günlərdə sürücülər tətil elan edib işə çıxmasalar, 100 funt-sterlinq maaşlarından kəsiləcək. Tətil bütün işçilər tərəfindən həyata keçirilərsə, şirkətimiz 100 milyon funt-sterlinq zərər edəcək. Eyni zamanda şəhərin nəqliyyat sistemində də  güclü problemlər ortaya çıxacaq.

Sürücülər  və "Unite" Həmkarlar İttifaqı tələblərinin qəbulu üçün şirkət rəhbərliyini danışıqlara çağırıb və planlaşdırılan tətil gününə qədər razılaşmanın əldə olunacağına ümid edir. İttifaqdan bildirilib ki, bayram günlərində işə cəlb olunan sürücülər buna görə əlavə maaş almalı, çalışanlar qeyd olunan günlərdə işləməyə məcbur edilməməli və razılıqla cəlbolunma prosesi aparılmalıdır.

CAVİD