İşəgötürən təşkilatlarla dialoq aparılması nəzərdə tutulur


Baxıldı : 40

Tarix : 2018-05-12 03:47:25


Efiopiyanın tekstil sektorunda çalışanlar maaşlarının az olmasına etriaz əlaməti olaraq aksiya keçiriblər.  Ölkədə bu sahədə minimum əməkhaqqı 20 ABŞ dolları dəyərindədir. Çalışanların 90 faizi qadınlar olan tekstil sektorunda verilən maaş nəqliyyat və digər xərcləri belə qarşılamır. Onların hazırladıqları məhsullar isə “H&M”, “Tchibo”, “Tommy Hilfiger”, “Calvin Clein” kimi məşhur brendlərin imzası ilə satışa çıxarılır.

Ölkənin Tekstil Sənayesi və Dəri İstehsalı İşçiləri Həmkarlar İttifaqı maaş azlığına qarşı kampaniya başladıb. Qurum 3800 işçisi olan sənaye parkı başda olmaqla,  bir sıra dövlət və özəl müəssisələrdə tətil keçirməyi planlaşdırır. Bu kampaniya İndustriALL Qlobal İttifaqı tərəfindən də dəstəklənir.  Çalışanlar maaşlarının ölkə üzrə minimum əməkhaqqı kimi nəzərdə tutulan 86 ABŞ dollarına çatdırılmasını tələb edirlər.

Efiopiya Həmkarlar İttifaqları Konfederasiyası kampaniya çərçivəsində müxtəlif görüş və toplantılar həyata keçirir. Hökumət nümayəndələri və işəgötürən təşkilatlarla dialoq aparılması nəzərdə tutulur.

İndustriALL-ın tekstil və hazır geyim sektoru üzrə direktoru Cristina Hajagos may ayının sonlarında kampaniyanın təşkil olunacağı sənaye parklarından birində çalışanlar qarşısında çıxış edəcək. Məsələ ilə bağlı direktor bildirib ki, Efiopiyadan İndustriALL-a bağlı olan qurumların atdığı addımları dəstəkləyirik: “Bu gün dünyanın başqa ölkələrində geyim sənayesində çalışanlar necə əməkhaqqı alırsa, burada çalışanlar da eyniylə yüksək maaş almalıdır.

Burada diqqət edilməli olan digər nüans isə bazarda böyük alıcı kütləsini əlində cəmləşdirən geyim şirkətlərinin məhsul istehsalı üçün əməkhaqqının aşağı olduğu inkişafda olan ölkələri seçməsidir. Biz həmkarlar ittifaqı təşkilatlarının tələbləri doğrultusunda razılıq əldə olunmasının tərəfdarıyıq”.

 

Cavid SƏFƏROV