İşəgötürən və işçinin sosial məsuliyyəti olmalıdır


Baxıldı : 92

Tarix : 2018-01-26 20:38:27


“Qeyri-leqal məşğulluq iqtisadiyyatın müxtəlif sahələrində dərin kök salmışdır. Bu sahədə çalışan bəzi işçilərin gəliri formal iqtisadiyyatda çalışanlardan daha yüksəkdir, lakin əmək müqaviləsinin bağlanmaması, rəsmi qeydiyyatda olan işçi hesab edilməmələri onları bir sıra çətinliklərlə üz-üzə qoyur”

AHİK-in IV qurultayına

hesabat məruzəsindən

Qeyri-leqal məşğulluqla mübarizə təşkilatımızın fəaliyyətində əsas istiqamətlərdən biridir. “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov bu barədə danışarkən bildirdi: “Xidməti sahəmizdə olan təşkilatların çoxunda bu vəziyyət mövcuddur. Belə bir şəraitdə çalışan işçinin əmək hüquqlarının pozulması daha tez-tez baş verir. Dəfələrlə həmin müəssisələrdə olmuşuq. Söhbətlər aparmışıq. Bildirmişik ki, işçilər aldıqları maaşdan sosial müdafiə fonduna bir qəpik də pul köçürmür. İndidən öz gələcək günlərindəki çətinliklərin əsasını qoyurlar. Bizi başa düşən sahibkar və işçilər arasında əmək müqavilələri bağlanıb. Bir daha əmin olublar ki, istehsalatda baş verən bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirərkən onlara sağlamlıqlarına dəymiş zərərə görə ödənclərin verilməsi ciddi mübahisələrə səbəb olur. Bu cür iqtisadiyyat həmkarlar ittifaqı təşkilatlarına da xeyli ziyan vurur. Burada işləyənləri təşkilat üzvlüyünə cəlb etmək də mümkün olmur. Prosesin ağırlığına baxmayaraq, belə müəssisələrdən olan “Ülvi”, “Seyran” şadlıq saraylarında, “Azay-İn”, “Mobil Texnologiyalar” MMC-lərdə, “Triaz inşaat”da ilk həmkarlar ittifaqı təşkilatları yaradılmışdır”.

Cəmaləddin müəllim dedi ki, Bakı və Gəncə şəhərlərində, İmişli, Yevlax, Qazax, Şəmkir rayonlarında keçirilən leqal iqtisadiyyatın üstünlüklərinə həsr olunmuş seminarlarda, dəyirmi masalarda qeyri-leqal fəaliyyətin mənfi, formal iqtisadiyyatın sağlam cəhətləri göstərilmişdir. Dövlət orqanları əməkdaşlarının iştirak etdiyi bu tədbirlərdə həmçinin qeyd edilmişdir ki, qeyri-leqal məşğulluğu özləri üçün fəaliyyət seçən iş adamlarına qarşı mübarizə aparmaqdansa, onların formal sektora keçməsi üçün tədbirlərin görülməsi daha məqsədəuyğundur.

Əhəd İBADOV