İşgüzarlığı da artırır


Baxıldı : 62

Tarix : 2018-08-31 18:50:13


Bir neçə gündən sonra yeni dərs ili başlanır. Bu əlamətdar gün təkcə təhsil işçilərinin deyil, digər sahə həmkarlar ittifaqı təşkilatlarının da diqqətində olmuşdur.

Sumqayıt Texnologiyalar Parkı (STP) Məhdud Məsuliyyətli Cəmiyyətin Həmkarlar İttifaqı Komitəsi də yeni tədris ili ərəfəsində üzvlərinin övladlarını sevindirmişdir. HİK-in vəsaiti hesabına STP işçilərinin birinci sinifə gedən övladlarına çanta və dərs vəsaiti alınıb paylanılmışdır. Bunlardan 50 nəfəri qız, 70 nəfəri oğul balalar olmuşdur.

Həmkarlar ittifaqı komitəsi uşaqların valideynlərinin qayğısına qalır. Məsələn, STP-nin əksər işçiləri yay boyu ailələri ilə birlikdə respublikanın səfalı guşələrinə iki günlük istirahətə göndərilmişdir. Onlar İsmayıllıda, Qusarda və digər dağ rayonlarında yayın dadını çıxarmışlar. Təbiətimizin gözəlliyini öz gözləri ilə görmüş, yaşıl ağacların kölgəsində, sərin çayların kənarında maraqlı saatlar, günlər keçirmişlər. Turistlər həmkarlar ittifaqı komitəsinin təşkilatçılığı ilə baş tutan idman yarışlarında güclərini, bilik müsabiqələrində zəkalarını nümayiş etdirmişlər.

Əlbəttə, xoş əhvali-ruhiyyə növbəti iş günlərində özünü göstərmişdir. Təbiətdən aldıqları enerji onların iş potensialına güclü təsir göstərmişdir.

HİK nümayəndəsi bildirdi ki, işçilərin şənbə-bazar günləri təşkil edilmiş turist səfərlərinin maliyyə təminatında müdiriyyətin də köməyi böyük olmuşdur. Ümumiyyətlə, işçilərin əmək və sosial hüquqlarının müdafiəsi, istirahətinin təşkili sahəsində qazandığımız uğurların əsasında rəhbərliklə təşkilatımızın arasında olan sıx əməkdaşlıq və qarşılıqlı anlaşma durur.

B. RZAYEV