“İşimizdə təşəbbüskarlığa, çevikliyə üstünlük veririk"


Baxıldı : 32

Tarix : 2017-11-10 22:19:49


Bir neçə gün əvvəl Bakı Metropoliteninin 50 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Yubiley tədbirində ümummilli lider Heydər Əliyevin metropoliten və onun yaradılmasında, bugünkü səviyyəyə çatdırılmasında əməyi olan insanlar haqqında söylədiyi sözlər xatırlandı. Ümummilli lider deyirdi: "Bakı Metropoliteni Azərbaycan xalqının çoxəsrlik tarixində nadir bir hadisədir", "Bu sərvət Azərbaycan xalqının zəhmətkeş insanlarının böyük əməyi, əzmi nəticəsində yaranıb və belə bir möcüzəvi şəkil alıb".

Biz həmkarlar ittifaqı olaraq möcüzələr yaradan, onu xalqın istifadəsi üçün mütəmadi təkmilləşdirən sahə işçilərinin əmək və sosial hüquqlarının müdafiəsində durmağı özümüzün başlıca vəzifəmiz bilirik. Bu vəzifənin öhdəsindən layiqincə gəlməkdən ötrü işimizdə təşəbbüskarlığa, çevikliyə üstünlük veririk. Hər il yeni layihələrlə çıxış edirik.

Belə layihələrdən biri işçilərin qrup şəklində ölkə xaricində istirahətinin təşkili olub.

Layihə geniş rezonans doğurdu. Yay aylarında Gürcüstanın turizm və istirahət məkanı kimi tanınmış Kobuleti şəhərinə birhəftəlik turlar təşkil edildi. Sonra işində fərqlənmiş perspektivli işçilər Dubay şəhərinə istirahətə göndərildilər. Bu təşəbbüs İstanbul şəhərinə qısamüddətli turist səfərlərinin təşkili ilə davam etdirildi. Əvvəl işində fərqlənən gənc kadrlar, sonra həm də işində fərqlənən kollektiv üzvləri Yeni ili, daha sonra Novruz bayramını bu şəhərdə qarşıladılar. Təbii ki, ittifaq üzvlərinin böyük bir qismi təşkilatçılığımız ilə ölkəmizin dilbər guşələrində yayın dadını çıxardılar.

Hər il 120 nəfər metropoliten işçisi verdiyimiz yollayışlarla respublikamızın müxtəlif sanatoriyalarında müalicə alır. Lakin işçilərin sanatoriyalara da olan tələbatı əsasən Bilgəh qəsəbəsində yerləşən sanatoriya-profilaktoriyamız və istirahət zonamız hesabına ödənilir.

40 ildir fəaliyyət göstərən bu istirahət zonasının siması 2014-cü ildən bu yana tamamilə dəyişdirilib və müasir istirahət guşəsinə çevrilib. Köhnə birmərtəbəli evciklər yeni kottec tipli müasir binalara çevrilib. Kotteclərdə hər bir şərait yaradılıb, bütün lazımi avadanlıqla, qab-qacaqla təchiz olunmuş mətbəx, duş otağı, mərkəzi istilik sistemi, mebel, televizor və s. var. İşıqlandırılma tamamilə yeniləşdirilib, elektrik yarımstansiyası, qazanxana quraşdırılıb, su və kanalizasiya xətləri çəkilib. Ərazisində yeni salınan parkda sensorlu idarəetmə sistemi ilə rəngarəng fəvvarə, minifutbol, voleybol meydançası, çimərlik voleybolu, basketbol meydançası, dəniz qumu tökülmüş və tərkibinə xüsusi nəzarət olunan guşə, yelləncəklər, iri fiqurlu şahmat meydançası, tennis stolları, istirahət üçün xüsusi köşkləri bütün yaş qruplarından olanları cəlb edir.

Köhnə tibbi-müayinə avadanlığı ABŞ, İtaliya, Çexiya istehsalı olan tibbi-müayinə cihazları ilə əvəz edilib, tibbi təhsili olan mütəxəssislər cəlb edilib.

Qayğı dairəmiz çoxşaxəlidir. Biz həmçinin Böyük Vətən müharibəsinin iştirakçılarına, qanlı 20 Yanvar faciəsi əlillərinə, şəhid ailələrinə qayğımızı əsirgəmirik.

Gənc işçilərimizin də mənəvi dəyərlərimizə sayğısının artması məqsədilə çeşidli layihələrimizdə onların iştirakını təmin edirik. Böyük əksəriyyəti gənclər olmaqla işçilərə teatrlara, sirk, konsert, ədəbi-bədii gecələrə, uşaq əyləncə mərkəzlərinə, bir sözlə, mədəni- kütləvi tədbirlərə 7 mindən artıq bilet alıb paylamışıq.

Bədən tərbiyəsi və idmana üzvlərimiz arasında maraq oyatmaq üçün də çox işlər görülüb. Təsadüfi deyil ki, metropolitençilər "Zenit" İdman Cəmiyyətinin xətti ilə Müstəqillik Günü münasibətilə təşkil edilən spartakiadada son 3 ildə iki dəfə ümumi komanda hesabında qalib gəlib. Bu il də işçilərimiz bu yarışların favoritləri sırasında mübarizəni davam etdirirlər.

Arif MƏRDANOV,

Metropoliten İşçiləri

Həmkarlar İttifaqının sədri