İslahatlar müsbət tendensiya yaradacaq


Baxıldı : 82

Tarix : 2018-12-17 04:48:30


Vergidən yayınma hallarının qarşısını almaq, eləcə də nağdsız ödənişləri genişləndirmək üçün ölkəmizdə də ildən-ilə stimullaşdırıcı tədbirlər həyata keçirilir. 2019-cu ildən Vergi Məcəlləsinə ediləcək dəyişikliklər də onlardan biridir.

Belə ki, gələn ildən dövriyyənin rəsmiləşdirilməsi və nağdsız əməliyyatları stimullaşdırmaq məqsədilə ticarət mərkəzləri və iaşə xidmətlərindən istifadə edən alıcı topladığı çeklərin əvəzində əlavə dəyər vergisinin (ƏDV) bir qismini geri alacaq. Əgər vətəndaş ödənişi nağdsız həyata keçiribsə, ƏDV-nin 15 faizini, nağd şəkildə alış-veriş edilibsə, yenə də kassa çeki varsa, 10 faizini geri ala biləcək.

Vergi Məcəlləsində ediləcək bu yeniliyin çoxdan gözlənildiyini vurğulayan İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov müəyyən güzəştlərin tətbiqi nəticəsində nağd dövriyyə ilə müqayisədə nağdsız hesablaşmaların həcminin artacağını hesab edir: “Sözügedən islahat birmənalı şəkildə nağdsız hesablaşmaların dövriyyəsinə təsir göstərəcək. Oxşar modellər qonşu Türkiyədə, eləcə də  bir sıra inkişaf etmiş ölkələrdə tətbiq edilir. Almaniya, İtaliya, Fransa, İspaniya, Çexiya, Slovakiya, Belçika, İsveçrə və digər Avropa dövlətlərinin qanunvericiliyində nağd ödənişlərin məhdudlaşdırılmasına və qanunla müəyyən edilmiş tələblərin pozulmasına görə sərt tədbirlər də nəzərdə tutulub. Ölkəmizdə də  mərhələli şəkildə aparılan bu islahatların müsbət tendensiya yaradacağını düşünürəm”.  

 İqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, vətəndaşlar onlara pul gətirəcəklərini bildikləri üçün alış-veriş zamanı çek tələb edəcəklər. Bu isə sahibkarları məcbur edəcək ki, dövriyyəni rəsmiləşdirsinlər. Belə halda vergidən yayınma hallarının qarşısı alınacaq və büdcəyə daxilolmanın həcmi artacaq. Ona görə də mümkün imkanlardan istifadə edib, təşviq mexanizmlərini artırmaq lazımdır. Nağdsız və qanuni dövriyyəni artıq mədəniyyətə çevirməliyik.

R. Həsənov ƏDV-nin diferensiallaşmasının tərəfdarıdır: “ Çünki sabit ƏDV idarəetməni çətinləşdirir. Hökumət əlindəki tənzimləmə alətlərinin sayını nə qədər çoxaldarsa, o qədər daha çevik siyasət həyata keçirə bilər. Uzunmüddətli perspektivdə sadələşdirilmiş verginin ləğv edilməsi zamanı belə, sabit ƏDV böyük problemlər yaradacaq. 

Əgər hədəf belədirsə, mütləq ƏDV diferensiallaşmalıdır ki, tənzimləmək üçün alət rolunu oynasın. Sektorların təşviqi, qiymətlərin idarə edilməsi, tələb və təklifin istiqamətləndirilməsi üçün bu, vacib addımdır”. 

Ə. ƏHMƏDOVA