İslam aləminin həmrəyliyi və birliyinin təntənəsi


Baxıldı : 85

Tarix : 2017-05-27 01:53:09


Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - “Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edərək tarix yazdı. On gün ərzində İslam dünyasının idman nəbzi Bakıda döyündü. İslamiadanın yarışları, sözün həqiqi mənasında, əsl idman və həmrəylik bayramına çevrildi. Azərbaycan idmançıları xalqımızı parlaq qələbələri ilə sevindirərək yarışları birinci pillədə başa vurdular. Hamıdan çox qızıl medal qazanan atletlərimiz ümumilikdə 162 medala (75 qızıl, 50 gümüş və 37 bürünc) sahib oldular.

IV İslam Həmrəyliyi Oyunlarında qazanılan hər bir qələbə İslam aləminin həmrəyliyi və birliyinin təntənəsidir. Təşkilatçı ölkələr sübut elədi ki, müsəlman ölkələri sülhün, mədəniyyətin, insani dəyərlərin üstün olduğu bir məkandır.

Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü, millət vəkili Adil Əliyev İslam Həmrəyliyi Oyunlarının əhəmiyyəti, məramı və məqsədi haqqında məlumat verib. O  bildirib ki,  IV İslam Həmrəyliyi Oyunları bir daha bütün dünyaya Azərbaycan əxlaqını, mədəniyyətini tanıtdı. Azarkeşlərin diqqətlə və böyük səbrlə izlədikləri oyunlar buna bir sübutdur. Bakı İslam ölkələrinin atletlərinə bacarıqlarını nümayiş etdirmək, dörd qitədən gəlmiş insanlara birlik və anlaşma ruhunda qarşılıqlı əlaqələri qeyd etmək məqsədilə gözəl şəraiti təmin etdi. Başqa cür ola da bilməzdi. Cünki Azərbaycanın ta qədim zamanlardan özünə məxsus adət-ənənəsi, milli mentaliteti var. Və bu bizə İslam dininin verdiyi ən böyük töhfədir ki, əsrlərdir onu yaşadırıq.

Millət vəkili son illər ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan da danışıb: " Məhz bu uğurlu siyasətin nəticəsidir ki, 20 ildən artıq bir zamanda müstəqilliyini qazanan gənc bir dövlətin idman sahəsində də əldə etdiyi nailiyyətlər yüksək səviyyədədir. Artıq elə bir mötəbər yarış yoxdur ki, idmançılarımız orada ölkəmizi təmsil etməsinlər, medal və mükafatlar qazanmasınlar. Təbii ki, bütün bunlar Azərbaycanda idmana dövlətin göstərdiyi hərtərəfli qayğı sayəsində mümkün olmuşdur. Ümumiyyətlə, son 10 ilin idman tarixinə nəzər salsaq görərik ki, Azərbaycanda Olimpiya Hərəkatı artıq ənənəvi bir şəkil alıb. Ən böyük uğurumuz London Yay Olimpiya Oyunlarında qeydə alınmışdır. Bu Olimpiya oyunlarında iştirak edən iki yüz beş ölkə arasında Azərbaycan 30-cu yeri tutmuşdur (Avropa ölkələri arasında idmançılarımız 15-ci, müsəlman ölkələri arasında isə 3-cü yeri tutmuşlar).

Eləcə də ötən il idmançılarımızın istər ölkə daxilində, istərsə də respublikamızdan kənarda əldə etdikləri uğurlu nəticələr bunu bir daha təsdiqləyir.

Azərbaycan mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi edir. Bu tədbirlərin ölkəmizdə keçirilməsi üçün təşkilati baxımdan da yüksək şərait və imkan var. Bunu dünya idman təşkilatları da təsdiqləyir. Bu gün dövlətimizin idman sahəsinə qoyduğu sərmayələr, göstərdiyi diqqət ölkəmizdə idmanın kütləviliyinin artmasına, gəncliyin sağlam inkişafına təminatdır. İdmançıların qazandıqları qələbələr əslində möhkəm təmələ əsaslanır. Yəni onların dünyanın idman arenalarında əldə etdikləri bu qələbələrin arxasında güclü Azərbaycan dövləti dayanır. Dövlətin inkişafı, iqtisadiyyatın daha da güclənməsi, möhkəm dayaqlara əsaslanması idmanın da inkişafında həlledici rol oynayır.

Azər MUSTAFAYEV