“İSLAM HƏMRƏYLİYİ- AZƏRBAYCAN NÜMUNƏSİ”


Baxıldı : 54

Tarix : 2017-10-27 23:37:13


“Azərsu" Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı (TİHİ) Respublika Komitəsi 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan olunması ilə əlaqədar iyunun 10-da yazı və poster müsabiqəsi elan etmişdi.

Müsabiqəni təşkil etməkdə əsas məqsəd İslam həmrəyliyinə mədəni və dini müxtəlifliyin harmoniyası prizmasından yanaşaraq, məsələnin aktuallığını daha da artırmaq və bəşəri dəyərlərin bir daha üzə çıxarılmasına dəstək olmaq idi.

Oktyabrın 23-də "Azərsu" ASC-nin konfrans zalında “İslam Həmrəyliyi-Azərbaycan Nümunəsi" mövzusunda keçirilən tədbir bu müsabiqənin yekunlarına həsr olunmuşdu.

Tədbirin açılışında "Azərsu" TİHİ Respublika Komitəsinin sədri Akif Məmmədov, Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov giriş sözü söylədilər.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xütbə və Moizələr Şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin baş müəllimi Aqil Şirinov məruzə etdi. Bildirdi ki, müasir dövrdə İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə və məram tərəfdaşlığına böyük ehtiyacı var. Dünyada İslam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən biridir. Təsadüfi deyil ki, müsəlman ölkələri ilə mehriban və qarşılıqlı münasibətlər quran respublikamızın təmsil olunduğu hər bir beynəlxalq təşkilat çərçivəsində də İslam dünyasının maraq və mənafelərini müdafiə edir.

Digər məruzəçi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr Şöbəsinin müdiri Nicat Məmmədli qeyd etdi ki, Azərbaycanın əsas xüsusiyyətlərindən biri də odur ki, ölkəmiz İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindəndir, ən yüksək tolerant dəyərlərin daşıyıcısıdır.

Məruzələrdən sonra müsabiqənin təşkilat komitəsinin sədri, "Azərsu" TİHİ RK-nın Təşkilat və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Xəyalə Məmmədova qeyd etdi ki, müsabiqə nəticəsində 72 məqalə və 7 poster daxil olmuşdur. Daxil olunan digər məqalələr "Elm və İnnovativ Texnologiyalar" beynəlxalq elmi jurnalın "İslam Həmrəyliyi-Azərbaycan Nümunəsi" adlı xüsusi nömrəsində çap olunacaqdır.

Sonra 7 nominasiya üzrə qaliblər mükafatlandırıldı.

Son dəfə aparılan müsahibə dünyanın tanınmış xəbərlər portalı olan "The Caspian Times"də çap olunmuşdur. Dünya şöhrətli musiqişünas, ABŞ Muğam Cəmiyyətinin sədri, Azərbaycan muğamının tədqiqatçısı Cefri Verbok uzun illərdir ki, Azərbaycan musiqi alətlərində ifa edərək bizim musiqimizi xaricdə təbliğ edir. ABŞ-da, Kanadada, Avropa ölkələrində təşkil olunan konsertlərində Azərbaycan milli musiqisini ifa və təbliğ edən Cefri Verbok muğamın sirlərini daha dərindən öyrənmişdir.

Mədəniyyətimizi dün-yada yüksək səviyyədə təqdim etdiyi üçün Amerika Muğam Cəmiyyətinin prezidenti Cefri Verboka, Azərbaycanda dinlərarası münasibətlərin inkişafındakı xidmətlərinə görə Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayevə fəxri diplomlar təqdim olundu.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov çıxış edərək təşkilatçılara öz minnətdarlığını bildirdi.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırıldı.