İslam Oyunlarında tibbi xidmətə tam hazırdılar


Baxıldı : 92

Tarix : 2017-04-21 23:39:20


Mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına sayılı günlər qalıb. Aktual məsələlərdən biri tədbir zamanı tibbi xidmətin necə təşkil olunmasıdır.

Səhiyyə naziri Oqtay Şirəliyevin "2017-ci ildə Bakı şəhərində keçiriləcək IV İslam Oyunlarının tibbi təminatı barədə" imzaladığı əmrlə Təşkilat Komitəsi yaradılıb. Həmin əmrə əsasən, yarış iştirakçılarına və qonaqlara tibbi yardımın göstərilməsi üçün Bakı Şəhər Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi müəyyənləşdirilib.

İslam Oyunları Təşkilat Komitəsinin baş tibbi məsləhətçisi Samir Zeynalovun sözlərinə görə, fevral-mart ayları ərzində könüllülər müxtəlifyönümlü tibbi təlimlərə cəlb olunublar.  Tibbi yardım könüllüləri Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusunda oyunlar zamanı ilkin tibbi yardımın strukturu, təşkili, İlk Tibbi Yardım və Həyatın Vacib Saxlanması (BLS- Basic Life Support) təlimlərinə cəlb olunaraq nəzəri olaraq məlumatlandırılıb və praktiki vərdişlərə yiyələniblər.  S. Zeynalov bildirib ki, təlimlər zamanı ən müasir təlim və tədris avadanlıqlarından istifadə olunub: "Azərbaycan Tibb Universitetinin 200 nəfərə qədər hazırkı IV və V kurs tələbələrini də bu təlimlərə cəlb etməklə, İlk Tibbi Yardım və Həyatın Vacib Saxlanması vərdişlərinin onlar tərəfindən mənimsənilməsinə və könüllü olaraq oyunlar zamanı bizə dəstək olmalarına nail olmaq fikrindəyik. Artıq bu sahədə ilk Avropa Oyunlarından müsbət təcrübə var və özünü doğruldub".

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, beynəlxalq tədbir zamanı tibbi yardımın təşkili üçün 90 təcili yardım briqadası ayrılıb.

 Bu briqadanın tərkibinə həkim, orta tibb işçisi və 42 sanitar avtomobilin daxil olduğunu deyən R. Nağıyevin sözlərinə görə, onlar əsasən qonaqlara, idmançılara və yarış iştirakçılarına tibbi xidmət göstərəcək: "42 sanitar avtomobil müasir avadanlıqlarla, dərman preparatları, yeni tibbi ləvazimatlarla təmin edilib, hansısa qəza hadisəsi zamanı yerində tibbi müayinənin keçirilməsi üçün rentgen avadanlıq, laborator müayinələr hazır vəziyyətə gətirilib. Həkim və orta tibb işçiləri isə reanimasion tədbirləri həyata keçirmək üçün yenidən kurslardan keçirilib. Oyunlar zamanı təcili yardım briqadalarının xidmət göstərəcəyi obyektlər siyahı üzrə müəyyənləşib, Olimpiya Komitəsi tərəfindən razılaşdırılıb. Artıq oyunlarda lazımi tibbi yardım göstərmək üçün təcili yardım briqadaları, işçi heyət qeydiyyatdan keçirilib".

İştirakçıların tibbi sığortası məsələsinə gəldikdə, tibb üzrə ekspert Rasif Bağırov bildirdi ki, gələn qonaqlar qısa müddətə ölkəyə gəldikləri üçün tibbi proseslərlə bağlı hər hansı bir problem yaransa, dövlət hesabına həyata keçiriləcək.

Günel QULİYEVA