İşlədiyim təşkilatda həmkarlar ittifaqının üzvüyəm


Baxıldı : 88

Tarix : 2019-08-09 17:37:54


İşlədiyim təşkilatda həmkarlar ittifaqının üzvüyəm. Mən həmkarlar ittifaqı təşkilatının fəaliyyətində necə iştirak etməliyəm?

 

Samir ƏLİZADƏ, Salyan rayonu.

- Həmkarlar ittifaqının üzvləri Konstitusiya ilə müəyyən edilmiş birləşmək hüquqlarını (AR Konstitusiyası, maddə 58) həyata keçirərək özlərinin sosial-əmək hüquqlarını və iqtisadi mənafelərini kollektiv qaydada müdafiə etmək məqsədilə həmkarlar ittifaqlarının fəaliyyətində aşağıdakı yollarla iştirak edirlər:

- müəssisə həmkarlar ittifaqlarının iclas

larında iştirak etməklə, müstəqil surətdə məsələlərin müzakirəsində iştirak edib təkliflər vermək, qərarların qəbul edilməsində iştirak etməklə;

- həmkarlar ittifaqlarının etimadı əsasında həmkarlar ittifaqlarının seçkili və başqa orqanlarında (komissiya, komitə, şura) iştirak etməklə;

- nümayəndə kimi həmkarlar ittifaqlarının konfrans və qurultaylarında həmkarlar ittifaqlarının rəhbər orqanlarının qərarlarının qəbul edilməsində iştirakı ilə;

- həmkarlar ittifaqları tərəfindən həyata keçirilən mitinqlərdə, nümayişlərdə, piketlərdə, tətillərdə və başqa kütləvi tədbirlərdə iştirakı ilə;

-işçilərlə işəgötürənlər arasında əmək münasibətlərini nizamlayan əsas sənəd olan kollektiv müqavilələrin hazırlanmasında, qəbul edilməsində və həyata keçirilməsində iştirakı ilə;

- həmkarlar ittifaqlarının hüquq və texniki müfəttişləri vasitəsilə işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl edilməsində ictimai nəzarəti həyata keçirməklə.

 

Atam islah işləri növündə cəzaya məhkum edilib. Bu cəzanın icra müddəti ümumi iş stajına daxil edilirmi və bu cəzaya məhkum edilmiş şəxslər əmək qanunvericiliyi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə edə bilərlərmi? 

 

Günay MƏMMƏDOVA, Gəncə şəhəri.

 

- İslah işləri növündə cəzanın icrasının təşkili, şərtləri, müddətinin hesablanması, bu cəzaya məhkum olunmuş şəxslərin qazancından tutulmalar, işəgötürənin və icra məmurunun vəzifələri Cəzaların İcrası Məcəlləsi ilə tənzimlənir. Birinci olaraq bildiririk ki, belə şəxslər qanunvericiliyə əsasən məhkum sayılır və qeyd etdiyimiz Məcəllənin 40-cı maddəsinə əsasən, islah işləri növündə cəza məhkumun əsas iş yerində çəkilir. Onlar məhkum olunmamışdan əvvəl işlədikləri vəzifədə və ya işdə qalırlar.

İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qazancından həmin cəza müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş qaydada və məbləğdə pul tutulur. Bu pul məbləği dövlət  nəfinə keçirilir.

CİM-in 44.2. maddəsinə əsasən, islah işləri növündə cəzanın icrası müddəti məhkumun ümumi iş stajına daxil edilir.

Sualınızın axırıncı cümləsindən məlum olur ki, islah işlərinə məhkum edilənlərlə əlaqədar Əmək Məcəlləsinin 132-ci maddəsinin tələbləri Sizə bildirilib. Həmin maddədə məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər dəqiqləşdirilmişdir. Maddənin 2-ci hissəsində “azadlıqdan məhrum etmədən islah işlərinə məhkum edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir” ifadəsi yazılsa da, həmin müddəa Konstitusiyanın 37-ci maddəsinin tələblərinə uyğun olmadığı üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27.04.2001-ci ildə qüvvəyə minmiş qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir.

Eyni zamanda CİM-in 10.2.3. maddəsinə əsasən, cəzaların icrası və çəkilməsi zamanı məhkumların istirahət etmək hüququ var.

Həmin Məcəllənin 44.3. maddəsinə əsasən, islah işləri növündə cəzaya məhkum olunmuş şəxslər əmək qanunvericiliyi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

Atanıza əmək qanunvericiliyində işçilərə nəzərdə tutulan iş vaxtı, istirahət vaxtı, əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları tətbiq olunacaq və o, islah işləri növündə cəzaya məhkum olunsa da, məzuniyyətlərdən istifadə etmək hüququna malikdir.