İşləməyən qadınlar 62 yaşında sosial müavinət alırdılar


Baxıldı : 40

Tarix : 2020-01-10 15:05:54


İşləməyən qadınlar 62 yaşında sosial müavinət alırdılar. Amma, eşitdiyimə görə, qanun dəyişilib və yaş həddi azaldılıb. Bu, doğrudurmu? Bəs kişilərdə bu yaş həddi neçə olub?

 

Sevda MƏMMƏDLİ, Bakı şəhəri.

 

-“Sosial müavinətlər haqqında” qanuna əsasən, əmək pensiyası almaq hüququ olmayan 62 yaşına çatmış qadınlar və 67 yaşına çatmış kişilər əmək qabiliyyəti olmayan şəxslər hesab edilir və onlara sosial müavinət təyin  edilirdi.

Lakin 16 dekabr 2019-cu ildə “Sosia

l müavinətlər haqqında” qanuna dəyişiklik edildi. Artıq 2020-ci ilin yanvar ayının 1-dən etibarən yaşa görə əmək pensiyası və yaşa görə müavinət hüququ verən yaşlar arasında uyğunsuzluq aradan qaldırıldı, hər iki sosial təminat növü üzrə hüquq yaradan yaş həddi eyniləşdirildi.

Hazırda sosial müavinət almaq üçün yaş həddi qadınlar üçün 61 il 6 ay, kişilər üçün 64 il 6 ay müəyyən edilmişdir.

Yeni dəyişikliklə “Sosial müavinətlər haqqında” qanun 1.0.2. maddəsinə əsasən, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan ço-x olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları əmək qabiliyyəti olmayan şəxslər hesab edilir. Sosial müavinətlər də artıq qanunda göstərilənlərə uyğun olaraq hesablanacaq. Yəni yaş həddi hər il 6 ay artırılmaqla əmək pensiyalarında olduğu kimi sosial müavinətlərdə də qadınlar və kişilər üçün eyniləşəcək. Bu proses 65 yaş həddi tamam olana qədər davam edəcək.

 

İşlədiyim vaxtdan həmkarlar ittifaqı təşkilatının üzvüyəm. Üzvlük haqqı əməkhaqqımdan həmişə tutulur. Lakin işəgötürən tərəfindən üzvlük haqları həmkarlar ittifaqı təşkilatının hesabına köçürülməmişdir. Belə hərəkətə görə müdiriyyətə hansı cəza verilə bilər.

 

Şahin SULTANOV, Sumqayıt şəhəri.

- Həmkarlar ittifaqı təşkilatları könüllülük prinsipi əsasında təşkil olunmuş müstəqil, qeyri - siyasi, ictimai təşkilatdır. Bu təşkilat “Həmkarlar ittifaqları haqqında” qanunla və Nizamnaməyə əsasən fəaliyyət göstərir.

Adıçəkilən Qanunun 20-ci maddəsində deyilir ki, dövlət və təsərrüfat orqanları, siyasi partiyalar və ictimai birliklər, işəgötürən və digər vəzifəli şəxslər həmkarlar ittifaqlarının hüquqlarını pozmamalı, onların fəaliyyətinə yardım göstərməlidirlər.

Həmkarlar ittifaqı təşkilatına üzv olan işçinin əməkhaqqından Nizamnamədə müəyyən edilmiş miqdarda üzvlük haqqı idarənin mühasibatlığı tərəfindən tutulur və həmkarlar ittifaqının xüsusi hesabına köçürülür.

Adıçəkilən maddəyə üzvlük haqlarının tutulması və xüsusi hesaba köçürülməsi haqqında 29 iyul 2012-ci ildə əlavələr edildi: “Mülkiyyət formasından asılı olmayaraq, işəgötürən işçilərin əməkhaqlarından həmkarlar ittifaqına üzvlük haqlarının mühasibatlıq vasitəsilə tutulmasını təmin edir və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürür.

Bu Qanunun pozulması qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur”.

Eyni zamanda 2012-ci ildə Əmək Məcəlləsinin “Kollektiv müqavilənin məzmunu” adlanan 31-ci maddəsinin “j” bəndinə də dəyişiklik edildi. Həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından həmkarlar ittifaqına üzvlük haqlarının işəgötürən tərəfindən mühasibatlıq vasitəsilə tutulmasının təmin edilməsi və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülməsi (57), habelə həmkarlar ittifaqı təşkilatına nizamnamə fəaliyyətini səmərəli təşkil etmək üçün digər zəruri şəraitin yaradılması da kollektiv müqaviləyə tərəflərin qarşılıqlı öhdəlikləri kimi daxil edildi.

Buna uyğun olaraq da İnzibati Xətalar Məcəlləsinin işəgötürənin həmkarlar ittifaqının üzvü olan işçilərdən tutulmuş üzvlük haqlarının həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülməsində məsuliyyətini müəyyən edən 196-cı maddəsi mövcuddur. Həmin maddədə mülkiyyət formasından asılı olmayaraq işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından mühasibatlıq vasitəsilə həmkarlar ittifaqına üzvlük haqlarının tutulmasının təmin edilməməsinə və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülməməsinə görə vəzifəli şəxslərin min manatdan min beş yüz manatadək miqdarda cərimə edilməsi nəzərdə tutulmuşdur.