“İşləyən insan kasıb olmamalıdır”


Baxıldı : 111

Tarix : 2019-06-07 12:06:11


Mayın 20-22-də Moskvadakı “İzmaylov” Konsert Zalında Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının (RMHİF) X qurultayı keçirildi. Qurultaya Rusiya Federasiyasının dövlət orqanlarının, sahibkarlar birliklərinin, siyasi partiyaların, dini qurumların, elmi və yaradıcı ictimaiyyətin, beynəlxalq və xarici həmkarlar ittifaqları mərkəzlərinin nümayəndələri, dövlət dumasının deputatları dəvət olunmuşdular. Qurultaya hesabat məruzəsi ilə RMHİF-in sədri Mixail Şmakov çıxış etdi. Məruzədə deyildi ki, ölkə hesabat dövründə sosial-əmək sferasında bir çox çağırışlarla üzləşib. Bu çağırışlar əsasən makroiqtisadi vəziyyətin qeyri-stabilliyi, neqativ xarici faktorlarla və digər amillərlə əlaqədar olub. Məruzəçi sosial-iqtisadi blokdan başlamış maarifləndirici işin aktivləşdirilməsinə qədər yığılmış problemlərin həllində həmkarlar ittifaqlarının mövqeyini açıqladı. Dedi ki, bu mövqeyi müzakirəyə çıxarmaqla qurultayın işinin əsas istiqamətini müəyyənləşdirmiş olacağıq.

M.Şmakov dedi ki, büdcədən sosial sferaya ayrılan vəsait lider ölkələrlə müqayisədə çox azdır. Biz çalışacağıq ki, sosial xərclərin payı inkişaf etmiş ölkələrdəki həddə çatsın. Bu məqsədə nail olmaqdan ötrü dövlət büdcəsində kifayət qədər pul var. Həmin pullar vətəndaşların cibinə, istehsalatın maliyyələşməsinə getmək əvəzinə, “qızıl ehtiyatları sandıqlarında” gizlədilir. Həmkarlar ittifaqı hesab edir ki, bu, düzgün deyil. Pul ölü yük kimi yatıb qalmamalıdır. İctimaiyyət üçün səmərəli şəkildə işləməlidir.

Həmkarlar ittifaqları hesab edir ki, mütərəqqi vergi sistemi və vergini aksiyalardan əldə edilən dividentlərə yönəltmək əlavə maliyyə mənbəyi ola bilər. Təşkilatımızın yaşayış minimumundan aşağı gəlirlərə vergi tətbiq etməmək təşəbbüsü hələ də aktual olaraq qalır.

RMHİF-nin ən mühüm məqsədi işçilərin layiqli əməkhaqqı ilə təmin edilməsidir. İşləyən insan kasıb olmamalıdır.

Rusiya Federasiyası hökumətinin sədr müavini Tatyana Qolikova sosial tərəfdaşlıq institutunun inkişafında, sosial, əmək sferasında milli layihələrin reallaşdırılmasında həmkarlar ittifaqı ilə hökumətin əməkdaşlığını, üçtərəfli komissiyada əmək və pensiyaya dair ciddi problemlərin həlli sahəsində görülən işləri yüksək dəyərləndirdi.

Qurultayda Beynəlxalq Əmək Təşkilatının Baş katibi Qay Rayderin videomüraciəti səsləndirildi. Müraciətdə RMHİF-ın və onun liderinin səmərəli fəaliyyəti barədə təqdiredici fikirlər söyləndi.

Qurultayın ikinci günü Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin çıxış etdi. O, sahə həmkarlar ittifaqları liderlərini parlamentin komitələrinin iclaslarında fəal və təşəbbüslə iştirak etməyə çağırdı.

Mayın 22-də qurultayda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin salamlama nitqi söylədi. Qurultayın BƏT-in 100 illiyinin təntənəli qeyd olunduğu bir vaxta düşməsini əlamətdar hadisə saydı:

“Ölkədə sosial-əmək məsələlərinin sosial tərəfdaşlıq çərçivəsində birgə həlli olduqca vacibdir. Biz Mixail Şmakovla işgüzar görüşlərimiz zamanı bu məsələlər atrafında söhbətlər aparırıq”, - dedi. Sonra ölkə başçısı həmkarlar ittifaqının milli layihələrin tətbiqində, onların icrasına nəzarətin həyata keçirilməsində iştirakına öz münasibətini diqqətə çatdırdı. Həmkarlar ittifaqı liderlərinə məsləhət gördü ki, işçilərin, həmkarlar ittifaqlarının qanuni hüquqlarını pozan işəgötürənlərə qarşı  sərt mövqe nümayiş etdirsinlər. Belə hallara laqeyd qalan region administrasiyası başçılarına qanunun aliliyi çərçivəsində təsir göstərsinlər. Dövlət bütün səviyyələrdə həmkarlar ittifaqlarına, onların qanuni tələblərinə kömək göstərməyə borcludur.

V.Putin çıxışını bu sözlərlə tamamladı: “Bizim işimiz müxtəlifdir. Amma məqsədimiz birdir: vətəndaşlarımızın layiqli həyatını təmin etmək. Biz birlikdə işləsək bu məqsədə asanlıqla çatarıq”.

Qurultayda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Şaran Barrou, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının prezidenti Aleksandr Şoxin, RF əmək və sosial müdafiə naziri Maksim Topilin, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Vladimir Şerbakov, Pan - Avropa Regional Şurasının prezidenti, Gürcüstan Həmkarlar İttifaqları Birliyinin sədri İrakli Petriaşvilinin də çıxışları dinlənildi.

Qurultayda təşkilati məsələyə baxıldı. Mixail Şmakovun RMHİF-in sədri vəzifəsinə namizədliyi irəli sürüldü və dəstəkləndi.

Qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin I müavini İlyas Əliyev və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin I müavini Hümbət Nağıyev, aparıcı məsləhətçisi Səbuhi İmanov, Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Bəkir Yusifov da iştirak edirdilər.