İsmayıllıda təhsil bayramı


Baxıldı : 40

Tarix : 2019-09-06 19:13:35


İsmayıllı rayonunun təhsil işçilərinin qazandığı uğurları ictimaiyyətə çatdırmaq üçün hər il sentyabr ayının əvvəllərində ənənəvi təhsil bayramı keçirilir. Rayon icra hakimiyyətinin (RİH), rayon təhsil şöbəsinin (RTŞ) və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin təşəbbüsü ilə keçirilən bayram 3 mərhələdən ibarət idi.

I mərhələ rayonun mərkəzində təhsil işçiləri, valideynlər, ali məktəblərə qəbul olmuş məzunlar, qonaqlar, ümumilikdə 5000 nəfərdən çox insan rayonun təhsil göstəricilərini əks etdirən sərgilərlə tanış oldu. Respublikanın və rayonun tanınmış müğənnilərinin və folklor qrupunun iştirakı ilə konsert proqramı təqdim olundu.

II mərhələdə rayonun “Qala” şadlıq sarayında rayon ictimaiyyəti ilə görüş təşkil olundu. Bu il ali məktəblərə qəbul olunmuş, tələbə adını almış 380 nəfərdən çox  məzun  və onların valideynləri, təhsil veteranları, qabaqcıl təhsil işçiləri, il ərzində müxtəlif respublika müsabiqələrinin qalibi olmuş əlaçı  şagirdlər və rayon ictimaiyyətinin nümayəndələri üçün süfrə açıldı. Görüş əyləncəli musiqi proqramı ilə davam etdirildi.

Bayram tədbirində RİH-in başçısı Mirdaməd Sadıqov, TİAHİ Respublika Komitəsinin (RK) sədr müavini Mirzə Cəfərzadə çıxış etdilər.

Tədbirdə yüksək  bal toplamış tələbələr və müsabiqələrin qalibləri RİH, RTŞ-nin və TİAHİ RK-nın diplomu və qiymətli hədiyyələri ilə mükafatlandırıldı.

III mərhələdə bütün tədbir iştirakçıları Heydər Əliyev parkında konsert və rəqs proqramına dəvət olundular.