İşsizliyin əsas problemlərindən biri


Baxıldı : 195

Tarix : 2016-12-16 22:48:24


Prezident İlham Əliyevin yeni iş yerlərinin yaradılması ilə bağlı verdiyi tapşırıqların icrasına uyğun olaraq həyata keçirilən aktiv məşğulluq tədbirlərinin mühüm bir istiqaməti gənclərə yönəlib. Bunun nəticəsi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) xətti ilə məşğulluğu təmin olunanların 35,5 faizini gənclər təşkil edib.

ƏƏSMN-dən  verilən məlumata görə, bu ilin son aylarında nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin münasib işlərlə təmin etdiyi şəxslərin 15 min 800 nəfərə yaxını gənclərdən ibarət olub. Qeyd olunan dövrdə Xidmət tərəfindən haqqı ödənilən ictimai işlərə cəlb edilənlərin 156 nəfəri (28,4 faiz), Xidməti Əmək Birjaları vasitəsilə müvəqqəti xarakterli işlərə göndərilənlərin isə 632 nəfəri (55,7 faiz) gənclərdir. Bütün bunlarla yanaşı, ölkədə işsiz gənclərin sayı kifayət qədərdir.

Məsələni araşdırmaq üçün Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovla əlaqə saxladıq. O bildirdi ki, ümumiyyətlə, MDB ölkələrini götürdükdə əhalinin sayı, dinamikası, doğuşun göstəriciləri yüksəkdir və ümumavropa göstəricilərini 2 dəfə üstələyir: "Ona görə də bizdə iş yerləri əmək qabiliyyətli insanların sayına uyğun olmur. Bu da xüsusən gənclərə təsir edir və onlar arasında işsizlik səviyyəsi yüksək olur".

Ekspert dedi ki, gənclərimiz əmək bazarına gec daxil olurlar: "Əksər Avropa ölkələrində gənc orta məktəbi bitirəndə artıq 2 peşənin sahibi olur. Təəssüf ki, bizdə belə üsul yoxdur. Əvvəllər Sovet dönəmində gənclərin peşə yönümü müəyyən olunurdu və onlara müəyyən kurslar təşkil olunurdu. İndi məktəblərdə əmək təlimi dərsi qalıb, o da formal bir şeydir. Ölkədə ixtisaslı fəhlələrə ehtiyac olsa da, peşə təhsilini bitirənlərin əksəriyyəti o kriteriyalara cavab vermir. Ona görə də bəzən bizdə olan iri  layihələr üçün adi ixtisaslı fəhlə peşələrinə xaricdən işçi qüvvəsi gətirilir. Bu baxımdan da gənclərin əmək bazarına çıxışını asanlaşdırmaq üçün bir neçə tədbir görülməlidir. Yəni peşə təhsilinin səviyyəsi qaldırılmalı və orta məktəblərdə ilkin peşə vərdişləri aşılanmalıdır".

Hazırkı dövrdə gənc mütəxəssislərin üzləşdiyi problemlərdən biri də iş yerlərinə müraciət etdikləri zaman onlardan iş təcrübəsinin tələb olunmasıdır. Sözügedən məsələ ilə bağlı fikir bildirən S.Məmmədov qeyd etdi ki, onlar haqlıdır, burada işəgötürəni də qınamaq olmaz: "Çünki bu məsələdə yalnız təhsil kifayət deyil, işin keyfiyyəti də vacib amildir. Gənc ali məktəbi bitirir və sadəcə, diplom alır. Ancaq işləyəcəyi peşə haqqında heç bir təcrübəsi yoxdur. Problemin həll yolu isə təhsilin istehsalatla əlaqələndirilməsidir. Bizdə ali təhsilin istehsalatla əlaqəsi olmadığı üçün təhsil müəssisəsindən birbaşa istehsalat müəssisəsinə gediş yoxdur".

Aliyə SƏMƏDOVA