Istehlak kreditlərin yüksək faizləri


Baxıldı : 185

Tarix : 2015-11-13 03:33:00


Hər birimizə məlumdur ki, insanların arzu etdikləri məişət texnikası, elektronika, eləcə də mənzil, avtomobil almaq, yaxud da ki, biznesin inkişafı üçün bank kreditlərindən istifadə rahat üsuldur.Statistik məlumatlara görə, ölkə əhalisinin çox hissəsi bu və digər formada banklarla təmasdadır. Hazırda Azərbaycanda 43 bank fəaliyyət göstərir. Onlardan 2-si dövlət bankı, 41-i isə özəl bankdır. Ləğvetmə prosesində olan bankların sayı 5-dən 7-yə çatıb.Odur ki, bankların bağlanması və ya müflis olması ciddi sosial kataklizmlərə gətirib çıxara bilər. Son statistik göstəricilərə əsasən, Azərbaycan bank sistemi üzrə məcmu kredit portfelində (17,3 mlrd. manat) istehlak kreditlərin payına 7,1 mlrd. manat və ya 41% düşür. Qeyd edək ki, istehlak kreditləşməsi məcmu kredit qoyuluşlarının strukturunda payına görə birinci yerdədir. Yəni Azərbaycan bank sistemini tam əsaslı olaraq istehlak kreditləşməsi sektoru kimi adlandırmaq olar, halbuki bank sistemi və ümumilikdə maliyyə sektorunun əsas vəzifələrindən biri maliyyə bazarında tələblə təklif arasındakı tarazlığı yaradaraq iqtisadiyyatı maliyyə vəsaiti ilə təmin etməkdir. Hələlik Azərbaycan bank sistemi əsasən əhalinin istehlak tələbatını maliyyələşdirir. Aydındır ki, bu, dolayı yolla iqtisadiyyata dəstək verir və stimul yaradır - təmin edilmiş istehlak tələbatı ticarəti, idxal fəallığını, müəyyən mallar üzrə yerli istehsal kimi sahələrə birmənalı olaraq müsbət təsir edir. Xatırladaq ki, məsələn, ABŞ-da maliyyə və iqtisadi böhran zamanı çıxış yollarından biri kimi təmin edilmiş istehlak tələbatının artırılması və bununla istehlak bazarında alıcılıq qabiliyyətinin artırılması müəyyən edilib və bu istiqamətdə işlər aparılıb. Lakin bizim ölkədə istehlak kreditləşməsi banklar üçün artıq əsas fəaliyyət növünə və əsas mənfəət mənbəyinə çevrilib. Belə ki, ən böyük faiz dərəcələri və nəticədə ən yüksək gəlir məhz istehlak kreditləri sahəsindədir ki, nəticədə bəzi banklar tədricən korporativ kreditləşməni artıq maraqlı istiqamət kimi qəbul etmir. Ekpertlərin sözlərinə və apardığımız araşdırmalara görə, banklarda daha çox əhalinin aşağı və ya orta təbəqəsinə 300-dən 5000 manata qədər olan istehlak kreditləri verilir. Manatla götürülən istehlak kreditlərinin illik faiz dərəcəsi 27-29% təşkil edir. ABŞ dolları ilə götürülən nağd kreditin illik faiz dərəcəsi isə 25-29% arasında dəyişir. Kreditlərin müddəti 12-36 ayadək olur. Azərbaycanda kreditlərin faizi həddindən artıq yüksəkdir, müqayisədə götürsək qonşu Rusiyada istehlak kreditlərinin dərəcəsi 12%-dən başlayır, Türkiyədə isə 19-25%-dək dəyişir. Götürülən kreditlər vaxtında qaytarılmayanda və ya gecikdiriləndə birinci məbləğın üstünə gecikmə faizləri gəlir, sonra isə bank kredit götürən şəxsi məhkəməyə verir.Şuşa Rayon Məhkəməsinin İclas Katibi Günel Kamranlının sözlərinə görə, məhkəmə çəkişmələrində kreditin hər növü ilə bağlı ərizələr olur, amma daha çox istehlak kreditləri üstünlük təşkil edir. Krediti qaytarmayanda bank vətəndaşı məhkəməyə verir, aralarında bağlanmış müqavilə üzrə əsas borcu, faizi və gecikdirilmiş məbləğə görə cərimə borcunu tələb edir. Məhkəmənin yekun qərarı əsasında həmin borc borcludan tutulur. Bankla vətəndaşlar arasında bağlanmış müqavilələr əsasən kredit verən orqanın xeyrinə daha çox olur. Günel RAFAYILQIZI