İstehlakçılar kimə inanmalıdırlar?


Baxıldı : 225

Tarix : 2020-01-17 14:41:34


 Sosial şəbəkələrdə, hətta qəzet və saytlarda palma yağı, necə deyərlər, qatı antisağlamlıq nümunəsi kimi təqdim olunur. Oxuduqlarımıza inansaq, bu yağı yeyən adam bilə-bilə özünü saysız-hesabsız xəstəliklərin ağuşuna atır. Bəzi alimlər daha irəli gedərək iddia edirlər ki, bu məhsulun texniki məqsədlər üçün istifadəsi də təhlükəlidir.

Amma bütün bu deyilənlərə, iddialara rəğmən qidalandığımız əksər ərzaqların hazırlanmasında az və ya çox dərəcədə palma yağından istifadə olunur. Bu ərzaqlardan təkcə Azərbaycanda deyil, hətta Avropada da ləzzətlə yeyilir. Bəs istehlakçılar kimə inansınlar? Onlar, Hamletin təbirincə desək, “Alım, almayım” sualı qarşısında qalıblar. Bu müşkül sualla ilk olaraq tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət etdik.

A.Qeybulla bildirdi ki, Azərbaycanda son onillərə qədər təamlar əsasən kərə yağı ilə bişirilib. Xalqımızın orqanizmi də məhz bu yağa uyğun çalışır: “Birdən-birə müxtəlif mənşəli yağların bazarlarda peyda olması orqanizm üçün ekstermal vəziyyətdir. Onu da qeyd edim ki, bizim kərə yağı adı ilə yediyimiz yağlar da, sadəcə, kərə yağı tamına çatdırılmış palma yağlarıdır. Bu gün Azərbaycan bazarında normal standarta uyğun yağ yoxdur. Bunu tam əminliklə demək olar. Ümumiyyətlə, bu gün qida, ərzaq bazarı Azərbaycanda bərbad gündədir. Biz bu gün nəyə görə müxtəlif zəhərlənmələrin, immun sistemində olan problemlərin, onkoloji xəstəliklərin, insanlarda çoxsaylı xəstəliklərin artan dinamikasının şahidi oluruq? Ona görə ki, orqanizmimiz, immun sistemimiz qida maddələrinin hesabına formalaşır. Əgər onlar keyfiyyətsizdirsə, aşağı keyfiyyət parametrlərinə görə xarakterizə olunubsa, təbii ki, immun sistemində də çökmə yaşanır. Və bu cür qida maddələrinin parçalanması zamanı toksiki və gen muatsiyası törədən oksidantlar bədənə daxil olur və bədəndə çöküb qalır və təbii ki, hüceyrənin gen sistemini pozur. Bu baxımdan da insanlar arasında yorğunluq, halsızlıq, zəiflik, eyni zamanda çoxsaylı xəstəliklərin artması göz önündədir. Bundan başqa, fikir vermisinizsə, erkən yaşda ürək-damar xəstəliklərinə çox təsadüf olunur. 20-25 yaşlarında, tutalım 20 gənc arasında müayinə aparılsa, onlardan ən azı 1 və ya 2-də ürək xəstəliyi aşkar olunacaq. Təbii ki, bunun da əsasında dayanan faktorlar elə qəbul etdiyimiz qidalardır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə məsələyə fərqli yöndən yanaşdı. O bildirdi ki, qidaya qatılan palma yağı tam təhlükəsizdir: “5 il öncə Braziliyada keçirilən Ümumdünya Konqresində mən bu məsələni gündəliyə çıxartdım. Və məlum oldu ki, palma yağı iki cür olur: qida üçün və sənaye məqsədilə istehsal olunan. Palmanın tumlarından və yarpağından alınan yağ normal qidadır və Avropa ölkələrində istifadə olunur. Hətta uşaq qidalarının tərkibində də var, normal qida yağıdır. Bir də onun gövdəsindən alınan sənaye məqsədilə olan palma yağlarıdır ki, əlbəttə, bunlar qida üçün yararsızdır. Bu yağlardan isə daha çox sabunların və parfumeriyaların istehsalında istifadə olunur. Azərbaycana palma yağı gətirilir və bu, qida üçün istifadəsi zəruri olan yağdır. Sadəcə olaraq, MDB məkanında bu yağ istehsal olunmadığından və bitki yağı bazarında ucuz başa gəldiyinə görə buna qarşı antireklam kampaniyası var. Yəni bu, MDB-nin duru yağ istehsalçıları, xüsusən də Rusiya mediasının apardığı bir siyasətdir.

Bu yağ İndoneziya və Malayziyada istehsal olunur. Və ucuz yağ olduğu üçün duru yağ bazarını sıxışdırır. Azərbaycana gətirilən palma yağları yoxlanılır və qida üçün təhlükəsiz yağlardır. Ona görə də AİB sədri olaraq bildirmək istəyirəm ki, bizim agentlik bu sahəyə ciddi nəzarət edir. Əhalinin narahatlığı üçün heç bir əsas yoxdur”.

Aliyə SƏMƏDOVA