İstehlakçıların maraqları qorunmalıdır


Baxıldı : 292

Tarix : 2017-05-13 02:50:30


Son zamanlar sosial şəbəkələrdə istehlakçıların aldıqları əşyaları müxtəlif səbəblərdən geri qaytarması zamanı satıcıların həmin malı qəbul etməməsi ciddi narazılıqlara səbəb olub. 

Alıcılar arasında məşhur olan "Zara", "Massimo Duty" və "Pull and Bear" kimi dükanlara müraciət edərək mal aldığımızı və onu qaytarmaq istədiyimizi dedik. Bunun mümkünsüz olduğunu bildirdilər. Yalnız malı dəyişməyi təklif etdilər. Amma burada da ortaya "əmma" çıxdı. Məlum oldu ki, endirimə düşən malları dəyişmək də mümkünsüzdür.

Bəs qanun nə deyir?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov mövzu ilə bağlı bildirdi ki, əgər istehlakçının tələblərinə uyğun gəlməyibsə, mal qaytarıla və dəyişdirilə bilər. Çünki istehlakçıya bu haqqı "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun verir.

Qanun hətta alınmış malda qüsur olmadıqda belə istehlakçıların maraqlarını müdafiə edir. Yəni lazımi keyfiyyətli qeyri-ərzaq malının rəngi, fasonu, ölçüsü istehlakçıya uyğun gəlmirsə, yaxud başqa istehlak xassəsinə görə malı təyinatı üzrə istifadə etmək mümkün deyilsə, 14 gün ərzində alındığı yerdə mal dəyişdirilə bilər. Lakin malı dəyişdirmək üçün qanunla alıcının da öhdəlikləri müəyyən edilmişdir. Belə ki, dəyişdirilməsi üçün malın etiketi, yararlılığı, qablaşdırılması pozulmamalı, əmtəə görünüşü qorunub saxlanılmalı, malın həmin satıcıdan alındığına dair sübutlar (kassa çeki, qəbz, zəmanət talonu və s.) olmalıdır.

AİB sədri təəssüflə qeyd etdi ki, bu məsələ ilə bağlı hər gün bizə istehlakçılar tərəfindən müraciətlər daxil olur: "Son vaxtlar "Kontakt Home" mağazalar şəbəkəsindən alıcılardan çoxsaylı şikayətlər gəlir və bu məsələ dövlət orqanlarına da məlumdur. İstehlakçı belə hal ilə rastlaşıb çətinliyə düşəndə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etməlidir. Eyni zamanda istehlakçılar Azad İstehlakçılar Birliyinə yazılı ərizə ilə müraciət edə bilər. Biz çalışırıq danışıq yolu ilə problemi həll edək".

Ekspert onu da bildirdi ki, bəzi mallar var ki, yuxarıda göstərilən maddələrdə nəzərdə tutulmuş əsaslar üzrə dəyişdirilə bilməz.

Bu gün istehlakçılara qarşı ən loyal ölkələr ABŞ və Avropadadır.

Günel QULİYEVA