İstehlakçıların səhlənkarlığı acı nəticələrə gətirib çıxarır


Baxıldı : 46

Tarix : 2018-11-23 21:35:12


Bir neçə gün öncə Gəncədə yaşayış binasında baş verən qaz partlayışı, ardından da dəm qazı zəhərlənmələri ciddi təlaş doğurub. Sirr deyil ki, əhalimiz bu təlaşı hər il payız, qış mövsümlərində yaşayır. Amma nəticə olmur. Mavi ölümün qarşısını birdəfəlik almaq mümkündürmü? Mümkünsə, bu, kimdən asılıdır?

Azad İstehlakçılar Birliyinin kommunal təsərrüfat üzrə mütəxəssisi Nüsrət Qasımov hansısa təşkilatda günah axtarmağı məqbul saymadı. Dedi ki, bir çoxlarının qınaq yeri saydığı “Azəriqaz” sayğacın çıxışına baxır. FHN-i də ittiham etməyə haqqımız yoxdur. Çünki bu cür halların fövqəladə hal hesab edilmir.

“Azəriqaz”ın 2,5 milyondan artıq abonenti var. Əsas səbəb insan faktorudur. Hər il bu qədər maarifləndirmə tədbirləri görülür, yenə də görürsən ki, başısoyuqluq edənlər, qazı yanılı qoyub yatanlar, qazın üstünə qazan və yaxud çaydan qoyub gedənlər var. Nəticə isə belə faciələrə gətirib çıxarır. Elə Gəncədə baş verən hadisə də buna bir nümunədir. Hesab edirəm ki, bu da ev sakininin diqqətsizliyi ucbatından baş verib. Belə düşünürəm ki, kimliyindən asılı olmayaraq, bu cür insanlar cəzalandırılmalıdır. Çünki həmin binada 4 mərtəbə birdən dağılıb. Hadisə 2-ci mərtəbədə baş verib. 1-ci, 3-cü və 4-cü mərtəbələrdə yaşayanların günahı nə idi ki, malı-mülkü dağılırdı, bu havada çöllərdə qaldılar. Buna görə də bu məsələyə çox ciddi yanaşmaq lazımdır”.

Ekspert bildirdi ki, artıq 30 ildən çoxdur ki, tüstü bacaları yoxlanılmır: “Diqqət etsəniz, görərsiniz ki, ən çox zəhərlənmə vanna otaqlarında baş verir. Bunun da səbəbi tüstü bacalarının düzgün quraşdırılmaması, vanna otaqlarının qapılarında deşik açılmamasıdır. Bundan başqa, hər bir vanna otağında havalandırma kanalı olmalıdır, hansı ki, bir saatda 3 dəfə havanı təmizləsin. Belə izah edim, 1 kubmetr qazın yanması üçün 9.5 kubmetr, 3 kubmetrin yanması üçün isə 28 kubmetr hava lazımdır. Qapının altında deşiklər olmalıdır ki, təmiz hava girsin. Hava çatışmayanda yanma prosesi pozulur. Karbon monoksid  yaranır ki, bu da zəhərlidir. İnsan bədəninə daxil olur, beyin toxumalarını zədələyir, insan huşunu itirir. Bu, 7 dəqiqə ilə yarım saat ərzində insanı öldürür.

Tüstü borularının quraşdırılmasında da ciddi nöqsanlara yol verilir. Tüstü ötürücülərinin diametri 10 santimetrdən 15 santimetrə qədər olmalıdır. Ancaq bəzi adamlar bu ötürücüləri 76 və ya 89 millimetr borularda düzəldirlər. Xaricdə bütün evlərdə detektorlar quraşdırılır. Yaxşı olardı ki, bu cür detektorlar bizdə də olsun. Düzdür, yeni tikililərin çoxusunda quraşdırılır, ancaq köhnə binalar yenə də təhlükə altındadır”.

Aliyə SƏMƏDOVA