İstehsalat qəzalarından necə qorunmaq olar


Baxıldı : 239

Tarix : 2020-09-25 18:54:08


Dünyada   iş qəzaları və peşə xəstəlikləri səbəbilə gündə  5 min, ildə  isə 2 milyon insan hayatını itirir. Hətta bir çox xarici informasiya  vasitələrində il ərzində istehsalat qəzalarında ölənlərin sayının müharibədə həyatını itirənlərdən daha çox olduğu qeyd edilir. Beynəlxalq təşkilatlar, hökumətlər istehsalat qəzalarının qarşısını almaq istiqamətində uzun illərdir ki, layihələr, təkliflər hazırlayır, ölüm hallarının ən azı minumuma endirilməsinə çalışırlar.

İstehsalada sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üçün ölkəmizdə də çoxsahəli tədbirlər  görülür.  Nəticə arzuolunan səviyyədə olmasa da, hər halda xüsusilə ölüm hadisələrində nisbi azalma müşahidə edilir. Respublika üzrə ötən ilin ilk 8 ayı ilə müqayisədə 2020-ci ildə istehsalat qəzası zamanı zədələnən işçilərin sayında 17.7% (181-149), ölənlərin sayında isə 37.8% (37-23) azalma qeydə alınıb.

Son günlər  ölkənin müxtəlif ərazilərində işçilərin yüksəklikdən yıxılaraq ciddi xəsarət almaları və ya həyatlarını itirmələri yenidən təhlükəsiz əmək məsələsini gündəmə gətirib.

 İstehsalatda baş verən qəzaların səbəbi nədir? Onlardan necə sığortalanmaq olar?

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev dedi ki, qəzaların təhlili zamanı istehsalatda bədbəxt hadisələrin əksəriyyətinin  tikinti sektorunda (25.9 faiz ) baş verdiyi aşkara çıxır. Tikintidə həlak olanların xeyli hissəsi hündürlükdə çalışanlardır. Hündürlükdə həyata keçirilən işlərin həyat üçün təhlükə olduğunu nəzərə alaraq 2000-ci ildə (29 iyun, №357) “Hündürlükdə iş zamanı təhlükəsizlik qaydaları”  təsdiq olunmuşdur. Qaydalara əsasən,  hündürlükdə işləyənlər qoruyucu kəmərdən istifadə etməlidir. Yükqaldırıcı kranların və digər ağır texnikalar işləyən zaman altından və arxasından keçmək qadağandır. Yeni alınmış, yaxud istifadədə olan avadanlıqlara icazəsi olmayan şəxslərin toxunmamasını təmin etmək və hündürlüyü 7 metrdən çox olan binaların xarici divarları hörülərkən yerdən 6 metr hündürlükdə qoruyucu sipərlər qurulmalı və iş bitənə qədər saxlanılmalıdır. Sonra təhlükə potensialı riskini aşağı salmaq üçün iş yerində işə başlamamışdan qabaq isə sahə rəhbəri tərəfindən “ilkin təlimat” verilməlidir. İşçi xüsusi geyim, ayaqqabı, dəbilqə, eynək, qoruyucu kəmər, əlcək və s. fərdi mühafizə vasitələri ilə təmin edilməlidir.  Bu şərtlərə əməl olunarsa, istehsalatda bədbəxt hadisələrin sayı azalar.

Ekspert onu da əlavə etdi ki, istehsalatda qəzalar iş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılmaması, texniki təhlükəsizlik, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi qaydalarına və digər təhlükəsizlik normalarına riayət edilməməsi səbəbindən baş verir.

 Araşdırmalar göstərir ki, hər il ölkədə 200 -dən artıq istehsalat qəzasi baş verir ki, bunun da 70 -dən çoxu ölümlə, 100 -dən çoxu müxtəlif bədən xəsarəti ilə nəticələnir.

Vətəndaşların Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov   qəzaların başlıca səbəblərindən biri, bəlkə də birincisi kimi işəgötürənlərin, elə işçilərin özlərinin təhlükəsizlik qaydalarına laqeyd münasibətini göstərdi. Tikinti sahəsində baş verən istehsalat zədələrinə toxunan S.Məmmədov bu sahədə də artıq yaxşılığa doğru nəticələrin olduğunu söylədi. Dedi ki, əvvəllər tikinti sektoruna təcrübəsiz insanlar cəlb edilirdi. İndi artıq iri şəhərlərdə tanınmış tikinti şirkətləri işə işçi götürərkən onların təlimatlandırılmasına xüsusi diqqət yetirir. O şirkətlərdə, tamamilə olmasa da, təhlükəsizliklə bağlı vəziyyət bir qədər yaxşılaşıb.

Ekspert xəsarət halları üçün məsuliyyət məsələsinə də aydınlıq gətirdi: İşçi texniki təhlükəsizlik qaydalarına əməl etmirsə, əməyin mühafizəsinə dair tələbləri pozursa, buna işəgötürən cavabdehdir. Bu halda işçiyə qarşı inzibati tənbeh tədbirləri tətbiq edə bilər. Əgər o, davamlı sürətdə təhlükəsizlik qaydalarını pozursa, onun əmək müqaviləsinə xitam da verilə bilər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin mühafizəsi şöbəsinin müdiri Vladimir Arqutkin müxbirimizə bildirdi ki, həmkarlar ittifaqı təşkilatı olan müəssisələrdə, tikinti sektorunda əməyin mühafizəsinə ciddi ictimai nəzarət var. Bu da tona gətirib çıxarır ki, həmkarlar ittifaqı yaradılmış təşkilatlarda istehsalat xəsarətləri ümumrespublika göstəricisindən 50 faiz aşağıdır.

Əsli ƏHMƏDOVA