İstehsalat zamanı bədbəxt hadisə baş verərsə, bunu hansı qaydada rəsmiləşdirmək lazımdır?


Baxıldı : 22

Tarix : 2018-06-13 23:10:05


 

Qulam MƏMMƏDOV,

Sumqayıt şəhəri.

- Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən, işəgötürən bədbəxt hadisənin baş verdiyi gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana- Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verməlidir. Həmin orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun araşdırılmasının aparılması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Araşdırılma başa çatdıqdan sonra işəgötürən tərəfindən İstehsalat Zədəsi (İZ) formalı akt tərtib olunmalı və onun bir nüsxəsi zərərçəkən işçiyə təqdim olunmalıdır. İZ formalı aktın forması Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması” Qaydalarının 1 nömrəli əlavəsində öz əksini tapmışdır.

Onu da qeyd edək ki, bədbəxt hadisənin başvermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Məcəllənin 555.1. maddəsində qeyd edilir ki, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu barədə məlumatın verilməməsinə görə yuxarıda qeyd olunan şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Azərbaycanın müstəqilliyinin müdafiəsi zamanı xəsarət almışam. 8 il iş stajım var. Bilmək istəyirəm, həmin dəyişikliyə uyğun olaraq mənə xəstəlik vərəqəsinə görə müavinət əməkhaqqımın neçə faizi miqdarında ödəniləcək? Eşitdiyimə görə, xəstəlik vərəqəsi üçün ödənilən müavinətlərin məbləğində dəyişiklik olub və müavinət kimi əməkhaqqının 100 faizini almaq üçün 12 ildən çox sığorta stajı lazımdır. Mən müavinəti neçə faiz məbləğində almalıyam?

 

Eyvaz VƏLİYEV,

Bakı şəhəri.

- Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli, 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında “ Əsasnamənin 62-ci hissəsinə uyğun olaraq əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında qazancın 100 faiz məbləğində müavinət 12 il və daha çox sığorta stajı olan işçilərə ödənilir. Lakin bu zaman müəyyən istisnalar da mövcuddur. Belə ki, Əfqanıstan müharibəsində, 1990-cı ilin yanvar ayında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı xəsarət alan (yaralanma, travma, kontuziya) şəxslərə, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı zərərçəkənlərə müavinət qazancın 100 faizi miqdarında ödənilir.

Qeyd etmək lazımdır ki, adıçəkilən əsasnaməyə görə, həmçinin Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsində iştirak edən şəxslərə, bu zaman həlak olanların, ölənlərin valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına, habelə bu hadisələrdə iştirak edən hərbi qulluqçuların (o cümlədən müddətli xidmət hərbi qulluqçularının) arvadlarına; Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olanların valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına; xidməti vəzifələrinin icrası zamanı həlak olan, ölən ədliyyə, miqrasiya və fövqəladə hallar orqanları işçilərinin valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına da müavinət qazancın 100 faizi miqdarında ödənilir.

 

Patentdə hər hansı bir texniki səhv necə düzəldirir?

 

Telman MƏMMƏDOV,

Bakı şəhəri.

-“Patent haqqında” qanunun 35-ci maddəsində patentdə və ixtira, faydalı model və sənaye nümunəsinə dair Dövlət reyestrində dəyişikliklər edilməsindən danışılır. Belə ki, qanuna görə, patent sahibinin vəsatətinə əsasən müvafiq icra hakimiyyəti orqanı verilmiş patentdə aşkar və texniki səhvləri düzəltməlidir.

Patent sahibi patentdə hüquqi şəxsin adını, fiziki şəxsin soyadını, adını, atasının adını dəyişdirdiyi halda bu barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına bildirməlidir.

Patent sahibi verilmiş patentdə dəyişikliklər barədə vəsatət qaldırıqda və müəyyənləşdirilmiş rüsumu ödədikdə müvafiq icra hakimiyyəti orqanı ixtira, faydalı model və sənaye nümunələrinin Dövlət reyestrində dəyişikliklər edir.