İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı neçə cür sığorta ödənişi var?


Baxıldı : 267

Tarix : 2018-04-21 03:32:59


Çalışdığım şirkətdə (şirkətin adını bildirmək istəmirəm) işçilərlə əmək müqaviləsi bir illik müddətinə bağlanır və hər ildə bir dəfə həmin müddətə uzadılır. Artıq bu proses mənimlə və 200-ə yaxın işçi ilə 5 ildir ki, davam edir. Bildiyimizə görə, 5 il tamam olandan sonra əmək müqaviləmiz müddətsiz sayılacaqdı... Lakin müqavilənin müddətinin qurtarmasına 10 gün qalırdı ki, müdriyyət birtərəfli qaydada bizimlə olan əmək müqaviləsinə xitam verdi. 15 gündən sonra bizimlə yenidən 1 illik müqavilə bağladı. Bizimlə bağlanmış sonuncu müqavilə müddətsiz hesab oluna bilərmi? Xahiş edirik bu məsələnin qanunla necə tənzimlənməsini izah edəsiniz.

Əliş MUSTAFAYEV,

Bakı şəhəri.

 

- Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

Sizinlə və 200-ə yaxın işçi ilə əmək müqaviləsi ƏM-in 47-ci maddəsinə (müddətli əmək müqaviləsi bağlanan hallar) uyğun olaraq bağlanmışdır.

Şirkətlə işçilər arasında müddətli əmək müqaviləsi bağlandığı üçün işəgötürən ƏM-in 73-cü maddəsinin tələblərini əsas götürərək müqavilənin müddətini hər dəfə əvvəl müəyyən olunmuş müddətə uzatmışdır. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasına əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Çünki, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

Qanunvericilik müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi hesab edilməsi halını da müəyyən etmişdir. ƏM-in 45-ci maddəsinin 5-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

Lakin işçilərlə bağlanan müqavilənin qurtarmasına 10 gün qalmış işəgötürənin müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi hesab edilməməsi üçün  birtərəfli qaydada xitam vermişdir.

Müqaviləyə müddəti qurtarmamışdan əvvəl xitam verilmiş və yenidən işçilərlə müddətli əmək müqaviləsi bağlanmışdırsa, arada fasilə yaranmışdır. 45-ci maddəyə əsasən, fasiləsiz olaraq 5 ildən artıq müddət davam etməsi lazım idi. Bu müddəa pozulduğu üçün işçilərlə bağlanmış sonuncu müddətli əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab edilə bilməyəcək. Bu hal ƏM-in 73-cü maddəsinin tələblərinin pozulması deməkdir. Müddətli əmək müqaviləsinə müddəti bitməmiş birtərəfli qaydada işəgötürən tərəfindən xitam verilməsi məsələsini məhkəmə qaydasında mübahisələndirə bilərsiniz.

Çalışdığınız şirkətin adı və orada həmkarlar ittifaqı təşkilatının olub-olmaması haqqında heç nə yazmırsınız. Nəzərinizə çatdırırıq ki, iş yerində həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərirsə, işçilər əmək qanunvericiliyinin pozulması ilə bağlı bütün məsələlərdə, o cümlədən, müddətli əmək müqaviləsinə müddət başa çatmamışdan əvvəl işəgötürən tərəfindən birtərəfli qaydada xitam verilərsə, bu təşkilata müraciət edə bilər.

Kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəssisələrdə həmkarlar ittifaqı təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi də fərdi əmək mübahisələrinin predmetinə daxildir. Əgər iş yerində bu orqan varsa, məhkəməyə iddia qaldırmamışdan əvvəl həmin orqana müraciət edə bilərsiniz. ƏM-in 294-cü maddəsinə əsasən, məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər.

 

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı neçə cür sığorta ödənişi var?

 

Sübhan TALIBOV,

Gəncə şəhəri.

 

- “İstehsalatda bədbəx

t hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 16-cı maddəsinə əsasən, 3 cür sığorta ödənişi mövcuddur:

- aylıq sığorta ödənişi;

- birdəfəlik sığorta ödənişi;

- əlavə sığorta ödənişi.

Aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əməkhaqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır.

Birdəfəlik sığorta ödənişi bu Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir.

Birdəfəlik sığorta ödənişi aşağıdakı hallarda verilir:

- sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edildikdə;

- sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda;

- sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından öldükdə.

- Əlavə sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana həmin hadisənin birbaşa səbəbi olduğu hallarla əlaqədar müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzinin ödənilməsinə görə verilən pul təzminatıdır.

Onu da qeyd etmək lazımdır ki, sığortaçı sığorta ödənişini Qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

 

Mülki işlə bağlı rayon məhkəməsində iddia qaldırmışam. Bilmək istəyirəm, məhkəmə belə iddialara hansı müddətə baxmalıdır? Bu haqda qəbul olunan qərar nə vaxt qüvvəyə minir? Qərardan narazı qalsam hansı müddətə şikayət edə bilərəm?

Qasım BABAYEV,

Sumqayıt şəhəri.

- Mülki işlərdə ərizələrin qəbul edilməsi, belə işlərə baxılması qaydası və həll edilməsi müddətləri və sualınızda qeyd etdiyiniz digər məsələlər Mülki Prosessual Məcəllə ilə tənzimlənir.

Məhkəməyə müraciətinizin hansı tarixdən olduğunu qeyd etməsəniz də, bildiririk ki, qanunvericilik mülki işlərə baxılması müddətini adıçəkilən Məcəllədə müəyyən etmişdir. 172-ci maddəyə əsasən, ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 3 aydan gec olmayan müddətə işə baxılmalı və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Ayrı-ayrı kateqoriya işlərə baxılması və onların həllinə dair qətnamə və ya qərardad çıxarılması üçün qanunla qısaldılmış müddətlər müəyyən edilə bilər.

Əgər Sizin müraciətiniz mahiyyəti üzrə həllini taparsa, onda müraciət etdiyiniz rayon məhkəməsi tərəfindən qətnamə çıxarılacaq. Qətnamə qəbul edildikdən və imzalandıqdan sonra elan edilir və bu zaman qətnamənin məzmunu, ondan şikayət etmə qaydası və müddəti də izah edilir. Müstəsna hallarda, xüsusilə mürəkkəb işlər  üzrə qətnamə qəbul edildikdə məhkəmə baxışı qurtardıqdan sonra hakim 3 gündən gec olmayaraq qətnaməni elan edə bilər (MPM mad.15).

İş üzrə qəbul edilmiş qətnamədən şikayət verilməsi müddəti və qüvvəyə minməsi müddəti də MPM-də qeyd edilmişdir. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir.

Qətnamə sizə rəsmi təqdim edildikdən sonra hər hansı bir narazılığınız, şikayətiniz olarsa, o zaman həmin məhkəmə vasitəsilə 1 ay müddətində apellyasiya şikayəti verə bilərsiniz. Qeyd olunan müddət (1 ay) üzrsüz səbəbdən buraxıldıqda isə, qətnamə qanuni qüvvəyə minmiş olur və icraya yönəldilir.