İstehsalatın uğuru cəmiyyətin rifahı ilə bağlıdır 


Baxıldı : 56

Tarix : 2017-09-29 23:53:42


Sentyabrın 27-də "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Gəncə Lokomotiv, Lokomotiv-Vaqon depolarının, Yol Təsərrüfatı, Rabitə və İşarəvermə Distansiyasının həmkarlar ittifaqı komitələri sədrlərinin və işçilərinin iştirakı ilə 7 Oktyabr - Layiqli Əmək Gününə həsr olunmuş seminar keçirilmişdir. Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı (DMHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə baş tutan seminarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin Mühafizəsi Şöbəsinin müdir müavini Əli Mədətov, Hüquq Şöbəsinin əməyin hüquq müfəttişi Ruslan Bağırov, Sağlamlığın Mühafizəsi və Sosial Təminat üzrə Şöbəsinin etimadlı həkimi Emil Hacıyev məruzə ilə çıxış etdilər.

Çıxışlarda deyildi ki, layiqli əmək Azərbaycan Respublikasında milli iqtisadiyyatın və sosial siyasətin əsas istiqamətlərindən biri hesab olunur. 2006-2009-cu illəri əhatə edən əvvəlki Layiqli Əmək üzrə Ölkə Proqramının uğurla həyata keçirilməsi nəticəsində BƏT-in 156 və 183 saylı konvensiyaları ratifikasiya olunmuş, Gənclərin Məşğulluğu üzrə Milli Tədbirlər Planı hazırlanmışdır.

Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramının həyata keçirilməsi məqsədilə AHİK iyulun 21-də əməyin mühafizəsi sahəsində prioritet istiqamətlərə dair Tədbirlər Planı hazırlamışdır.

Proqramda “Təhlükəsiz əmək şəraiti layiqli əməyin əsas faktorudur”, “Əməyin mühafizəsinə dair  qanunvericiliyin təkmilləşdirilməsi -  layiqli iş yerlərinə nail olmağın əsasıdır” və sair məsələlər əksini tapıb. Artıq bu tədbirlərin bir çoxu icra olunub.

Ümumhəmkarlar İttifaqları Konfederasiyası (ÜHİK) bu il Layiqli Əmək Gününü işçiləri ən çox maraqlandıran məsələ ilə əlaqələndirmişdir. Belə ki, builki deviz "Əməkhaqqı-layiqli səviyyə" şüarı altında keçirilir. Bu, təsadüfi deyil.

Hazırda dünya əhalisinin 1 faizini varlı təbəqə təşkil edir. Əhalinin digər hissəsi isə aşağı əməkhaqqı ilə kifayətlənir.

Son 20 ildə Avropa ölkələrində istehsal 30 faiz, əməkhaqqı isə cəmi 20 faiz artmışdır.

Məruzələrdə vurğulandı ki, istehsalatın uğuru cəmiyyətin sağlamlığı və rifahı ilə bağlıdır. İstehsalatda insan amilinin ön planda durması üçün mümkün olan əsas amillərdən biri də korporativ tamahkarlığa son qoymaqdır. İşəgötürənlər korporativ tamahkarlığın işçilərə, müştərilərə, onların sağlamlığına, ətraf mühitə olan təsirini nəzərə almalıdırlar. Deyilən məsələlərə həmkarlar ittifaqlarının ictimai nəzarəti güzəştsiz həyata keçirilməlidir.

60 nəfərə qədər dəmiryolçunun iştirak etdiyi seminar sual-cavabla başa çatdı.

Bəyalı RZAYEV