İstehsalda inkişaf sosial tələblərin həllini asanlaşdırır


Baxıldı : 49

Tarix : 2017-10-27 23:53:08


Oktyabrın 11-də "Baku Stil Kompani" MMC İşçiləri Həmkarlar İttifaqı Birliyinin III konfransı olmuşdur.

Konfransda Birliyin sədri Əliqulu Quliyevin hesabat məruzəsi dinlənilmişdir. Məruzədə deyildi ki, 2013-2017-ci illərdə rəhbərliyin səyi və kollektivin fədakarlığı nəticəsində şirkət Qafqaz regionunun ən böyük və modern özəl metallurgiya müəssisəsinə çevrilmişdir. İstehsalat prosesi tamamilə mexanikləşdirilmiş və avtomatlaşdırılmışdır. Məhsuldarlıq artmışdır. Bütün bunlar kollektivin təhlükəsiz iş şəraitində çalışmasına, onların sosial tələblərinin daha geniş miqyasda ödənilməsinə imkan vermişdir. Bu imkan həmkarlar ittifaqı birliyinin şirkət rəhbərliyi ilə 2015-2017-ci illər üçün bağladığı kollektiv müqavilədə də əksini tapmışdır.

Ə.Quliyev məruzədə bildirdi ki, müqavilədə götürülən öhdəliklər həm rəhbərlik, həm də həmkarlar ittifaqı tərəfindən ciddi nəzarətdə saxlanılır və məsuliyyətlə icra olunur. Məsuliyyətlə yanaşmanın nəticəsidir ki, 1800 işçinin çalışdığı şirkətdə orta aylıq əməkhaqqı təxminən 1500 manata qədər yüksəlib.

Şirkətin müəssisələrində müasir tələblərə cavab verən yeməkxana, soyunub-geyinmə, məişət otaqları, duşxanalar fəaliyyət göstərir. İşçilərimiz hər növbədə 3-4 çeşiddə müalicəvi-profilaktik yeməklər, qaynadılmış südlə təmin olunurlar. Daxil olmuş ərzaq məhsullarının keyfiyyətinə həkimlər, həmkarlar ittifaqı təşkilatının və zavod administrasiyasının nümayəndələri tərəfindən mütəmadi monitorinq keçirilir və akt tərtib olunur.

İşçilərə əməkdə xidmətlərinə görə, iş stajı, iş şəraiti, iş növbəsindən asılı olaraq, əməkhaqqı ilə bərabər əlavələr verilir.

Zərərli və ağır şəraitdə işləyən iş

çilərin əsas məzuniyyətinə 6 təqvim günü də əlavə edilir. Əməkhaqları vaxtlı-vaxtında, yubanmalar olmadan alınır.

Natiq dedi ki, fəaliyyətimizin əsas istiqamətlərindən biri də iş yerlərində əməyin mühafizəsini təmin edən qanunvericiliyə, istehsal zədələri nəticəsində əmək xəsarətinə görə zərərin ödənilməsinə, istehsal sanitariyası normalarına işəgötürən tərəfindən əməl edilməsinə ictimai nəzarəti həyata keçirməkdir.

Məlum olduğu kimi, poladəritmə sobaları, yayma sexləri, yüksəkgərginlikli elektrik yarımstansiyalar, kriogen qurğuları və digər qurğular təhlükə potensialı çox yüksək obyektlər sırasına aiddir.

Ona görə də əmək müqaviləsində hökmən işəgötürən tərəfindən işçinin sağlam və təhlükəsiz əmək şəraitinə təminat verilməsi barədə öhdəlik  götürülüb. İşçilər istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta olunublar.

İşçilər əmək müqaviləsi bağlanılarkən tibbi müayinədən, sonralar isə ildə 1 dəfə icbari tibbi müayinədən işəgötürənin hesabına keçirilirlər.

Sexlərdə çalışan işçilərə fərdi mühafizə və geyim formaları normadan 2 dəfə artıq verilir.

Səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçilər onların razılığı ilə, tibbi rəyə uyğun olaraq, daha yüngül, müvafiq sahəyə köçürülürlər.

Əliqulu müəllim üzvlərin ərizə və şikayətləri üzrə aparılan işlərdən də danışdı. Dedi ki, hesabat dövründə 235 nəfər həmkarlar ittifaqı komitəsi sədrinin qəbulunda olmuşdur.

Əmək hüquqlarının müdafiəsi, işçilərin sağlamlığının müalicəsi, sosial-iqtisadi hüquqlarının müdafiəsi və sair məsələlər barədə müraciət ediblər.

Məruzədə üzvlərin sağlamlığının bərpası, istirahətinin təşkili istiqamətində keçirilmiş tədbirlərə də geniş yer ayrıldı. Sədr dedi ki, hesabat dövründə sanatoriya və müalicə pansionatlarında, verdiyimiz yollayışlarla, 545 nəfər işçimiz və onların ailə üzvləri müalicə almışdır.

Turizm, istirahət mərkəzlərinə isə yollayışlarla 542 nəfər (ailə üzvləri də daxil olmaqla) istirahətə yollanmışdır.

Bundan əlavə, hesabat dövründə "Baku Turizm" MMC ilə bağlanmış müqavilələr əsasında Nabranın "Malibu" və "Çıraqqala", İsmayıllının "Qızıl-Qaya", Şamaxının "Dağlar Qoynunda", Qəbələnin "7 Gözəl" istirahət zonalarında 296 nəfər işçimiz və onların ailə üzvləri şirkətin və təşkilatımızın vəsaiti hesabına dincəlmişdir.

Məruzədə Birliyin son 5 ildə göstərdiyi fəaliyyətinin digər sahələri barədə də hesabat verildi.

Məruzə ətrafında çıxışlar oldu.

Tədbirdə iştirak edən AHİK-in Katibi-Aparat rəhbəri Həsən Cəfərov hesabat məruzəsində və çıxışlarda səslənən məsələlərə münasibətini bildirdi. Dedi ki, nümayəndələrin dəstəkləyəcəyi yeni komitə üzvləri və seçiləcək sədr inanırıq ki, kollektivin əmək, sosial hüquqlarının qorunması işini daha əzmlə davam etdirəcəkdir.

Sonra təşkilati məsələyə baxıldı. Ə.Quliyev yenidən Birliyin sədri seçildi.

Konfrans qərar qəbul etdi. Qərarda qeyd olundu ki, AHİK-in fevral ayında keçiriləcək qurultayında AHİK sədri vəzifəsinə AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin namizədliyi irəli sürülüb dəstəklənsin.