İsti münasibətin möcüzəsi


Baxıldı : 20

Tarix : 2019-10-04 17:51:31


Oktyabrın 4-də Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları “Ahıllar günü” münasibətilə Bilgəh qəsəbəsində yerləşən “Müharibə və əmək əlilləri üçün pansionatda (“Qocalar evi”) olublar. Doğma insanların görüşünü xatırladan bu səfər uzun müddət fərdi söhbətlərlə, necə deyərlər, “Hal-əhval” tutmaqla davam edib. Belə isti münasibət təsadüfi deyildi. Respublika Komitəsinin əməkdaşları artıq 10-cu ildir ki, ahıllar gününü bu ocağın sakinləri ilə birlikdə qeyd edir. Tədbirdə Respublika Komitəsinin sədri Məhəmmədəli Salmanov ətrafına toplaşmış ağsaqqallardan və ağbirçəklərdən yaşadıqları şəraitə münasibətlərini soruşdu. Hamı birağızdan minnətdarlıqla razılığını bildirdi. Məhəmmədəli müəllim bu şəraitin dövlətimizin, onun başçısı cənab İlham Əliyevin yeritdiyi sosial siyasətin nəticəsi olduğunu söylədi. Dedi ki, cənab Prezidentimiz üçün vətəndaşlarımızın hamısı, o cümlədən ahıllar da doğma və əzizdir. Biz də, həmkarlar ittifaqı olaraq, ölkə başçısının sosial siyasətinin uğurla həyata keçirilməsi üçün var qüvvəmizlə çalışırıq. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin təşəbbüsü və təşkilatçılığı ilə yaşlı nəslin cəmiyyətimizin diqqətində saxlanılmasına xidmət edən layihələr hazırlanıb reallaşdırılır. Bugünkü tədbir də bu layihələrin tərkib hissəsidir.

M.Salmanov saatına baxdı və dedi, artıq nahar vaxtıdır. Elə mən də acmışam. Xahiş edirəm, söhbətimizi süfrə arxasında davam etdirək. Hörmətli ahıllar Respublika Komitəsinin təcrübəli aşpazlara hazırlatdıqları plovun çəkildiyi süfrənin arxasına keçdilər.

Aş, meyvə qonaqlığından sonra şirniyyat süfrəsi açıldı.

Daha sonra Respublika Komitəsinin xidmətində olan Z.Tağıyev adına Mədəniyyət Klubunun ansamblının konserti başladı. Musiqi sədaları altında ahıllar bir daha öz gənclik, cavanlıq illərini yada saldılar.

Mən ürəkdən şənlənən qocalara baxanda məhəbbətin, səmimiyyətin hikmətini, möcüzəsini gördüm.

İsti münasibət, diqqət, bir neçə saatlıq olsa da, qoca insanı cavanlaşdırmaq qüdrətinə malikmiş.

Aliyə SƏMƏDOVA