İstirahət edirlər, biliklərini zənginləşdirirlər


Baxıldı : 49

Tarix : 2018-08-03 20:09:37


“Rayon təhsil işçilərinin arxada qalmış gərgin tədris ilinin yorğunluğunu çıxarmalarından ötrü yay mövsümünün əvvəlindən bir sıra maraqlı tədbirlər həyata keçirməyə başlamışıq”. Bu sözləri Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov dedi. O bu tədbirlər içərisində ölkəmizin səfalı, abidələrlə zəngin guşələrinə qısamüddətli turist səfərlərinin xüsusi yer tutduğunu qeyd etdi. Dedi ki, may-iyun aylarında ilk təşkilatların vəsaiti hesabına şəhər 1, 2, 4, 5, 6 nömrəli, Kürdmaşı, Diyallı, Cülyan kənd orta məktəbləri, Peşə Tədris Mərkəzi kollektivlərinin Zaqatala, Balakən, Göygöl, Gəncə, Şəki, Oğuz, Qəbələ şəhərlərinə maraqlı turist gəzintiləri təşkil olunub. Rayon təhsil şöbəsinin aparat işçiləri, məktəb direktorları, qabaqcıl, innovativ müəllimlərdən ibarət 25 nəfərlik qrup qədim Şəki şəhərinin tarixi tikililərini, tarix-diyarşünaslıq muzeyini, 256 illik tarixi olan qədim “Xan Sarayı”nı, Çələbi xanın nəvəsi Məmmədhüseyn xanın ev muzeyini, məşhur ticarət mərkəzini və digər tarixi yerləri ziyarət edərək biliklərini zənginləşdirdilər. Təhsil işçiləri öz təbii gözəlliyi ilə seçilən Kiş çayı boyunca yaradılmış “Marxal”, “Narın qala” kimi istirahət məkanlarında, daha sonra isə Oğuz rayonunun məşhur “Xalxal” şəlaləsi ətəklərində asudə vaxtlarını, istirahətlərini səmərəli keçirdilər.

Bundan əlavə, Nabranda fəaliyyət göstərən “Təhsil” İstirahət Mərkəzində dincələnlər, sanatoriyalarda müalicə alanlar da az olmayıb. Təhsil işçilərinin yay istirahəti davam edir.