İstirahət üçün hər cür şərait yaradılıb


Baxıldı : 72

Tarix : 2017-08-25 23:22:21


"Təhsil" İstirahət Mərkəzinin girəcəyində çoxdan görmədiyim köhnə iş yoldaşım Səriyyə Müslümqızı ilə rastlaşdım. Hazırda Xocalı məktəbində dərs deyən Səriyyə xanım təəccüblə soruşdu: "Sən də dincəlməyə gəlmisən?". - “Yox, yazmağa", - dedim. - “Bəlkə elə ilk müsahibim sən olasan?- “Böyük məmnuniyyətlə. Amma əvvəl ərazini gəzək".

Darvazadan içəri girəndə zövqlə salınmış müasir bir şəhərə gəldiyini zənn edirsən. İlk diqqəti cəlb edən əsas bina olur. Yarımdairəvi şəkildə tikilmiş bina yəqin turistlərin həyətin bütün gözəlliyini görməsi məqsədindən irəli gəlib. Binanın qarşısında inşa olunmuş əzəmətli fəvvarə gözəlliyə gözəllik qatır. Həm də ətrafında gəzişən və ya quraşdırılmış oturacaqlar-

 

da əyləşən insanların ruhuna sərinlik qatır. Təxminən 6 hektar ərazisi olan mərkəzdə əsas binadan başqa 2 şəhərcik də var. Ərazi boyu şaxələnmiş asfalt yollar səni təkcə bu şəhərciklərə deyil, həm də istirahət üçün nəzərdə tutulmuş qurğulara da aparıb çıxarır. Biz bu qurğuların bir neçəsində olduq. İdman meydançaları, musiqi - əyləncə mərkəzi, üzgüçülük kompleksi, uşaqlar üçün oyun qurğuları və sair müasir tələblər səviyyəsində inşa olunmuş və quraşdırılmışdı. Məni şəxsən daha çox üzgüçülük hovuzları heyran etdi. Günün istənilən saatında üzmək istəyənlər qapalı hovuzda bu arzusunu həyata keçirə bilirlər. Onunla yanaşı açıq havada fəaliyyət göstərən hovuz da var.  Hə iki hovuzun suyu daima dəyişilir və hərarəti tənzimlənir. Təlimatçılar tərəfindən nəzarət həyata keçirilir. Bu da turistlərin təhlükəsizliyini təmin edir.

İdman kompleksindən istifadə axşam saat 11-də başa çatır. Mərkəzdə stolüstü oyun həvəskarları da unudulmayıb. Hər otağa nərd, şahmat, dama, şaşki kompleksi paylanıb.

Elə ərazidə mərkəzin direktoru İlham Yusifovla rastlaşdıq. Açığı, geyim-keçimindən onu turistə oxşatdım. Səriyyə xanım dedi ki, bu qardaş mərkəzin direktorudu. Üçümüz əsas binaya, şəhərciklərə baş çəkdik. Otaqlarda plazma televizor, kondisioner, soyuducu qoyulmuş, daxili telefon çəkilmişdi. Mərkəzdə elə gün olmur ki, müxtəlif formatlı mədəni- kütləvi, əyləncəli tədbirlər keçrilməsin. Bundan əlavə, hər gəliş zamanı ən az üç dəfə Qusara, " Şahdağ" istirahət kompleksinə, Xaçmaza səfərə, Qubadakı Soyqrımı Memorial Kompleksinə ziyarətə aparılırlar.

Dənizdə çimmək həvəskarlarının xidmətində 2 avtobus durur. Bu avtobuslar gündə iki dəfə turistləri çimərliyə aparıb gətirir.

İlham müəllim bizi ofisinə dəvət etdi. Kabinetində qoyulmuş böyük monitorda bütün ərazinin videoçəklişi əksini tapmışdı. İlham müəllim dedi ki, dispetçer otağından əraziyə və binaların dəhlizlərinə, foyelərinə, yeməkxanaya və xidmətçilərin fəaliyyətinə nəzarət edə bilir.

Mən burada gördüyüm gözəlliklər, haqqında eşitdiyim yüksək xidmət və sair barədə uzun bir material yaza bilərdim. Məncə, bu qısa yazı da oxucuda “Təhsil" haqqında lazımi təsəvvürü oyatdı.

Bəyalı RZAYEV