İstirahətə göndərilənlərin sayı hər il artır


Baxıldı : 39

Tarix : 2019-09-06 19:01:31


Neft və Qaz Sənayesi  İşçiləri  Həmkarlar İttifaqı Respublika Komitəsi (HİRK) neftçilərin asudə vaxtlarının səmərəli təşkilinə və sağlamlıqlarının qorunmasına xüsusi diqqət göstərir. Respublika Komitəsinin Məclisinin qərarına əsasən, yay mövsümü başlayandan neftçilərin və onların ailə üzvlərinin istirahətinin təşkili ilə bağlı bir sıra işlər həyata keçirilib.

Qeyd etmək lazımdır ki, bu il yay istirahəti zamanı dincələn insanların sayı keçən ilə nisbətən çox olub.

Ümumiyyətlə, Neft və Qaz Sənayesi  İşçiləri  HİRK tərəfindən  yay istirahətinin təşkili 2 və 5 günlük nəzərdə tutulmuşdur. İlk təşkilatlarda istirahət mərkəzlərinə 2 günlük ( həftənin cümə, şənbə və bazar günləri) həyata keçirilən turlar zamanı işçilərin nəqliyyat xərcləri də müəssisələrin vəsaiti hesabına ödənilib.

Respublika Komitəsinin (RK)  xətti ilə Qusarda yerləşən “Qusar göl” İstirahət Mərkəzində üzvlərin yay istirahətinin səmərəli keçirməsi üçün müvafiq addımlar atılıb. Belə ki, iyul-avqust aylarında “Qusar göl”də 700 nəfərədək əməkdaş bu imkandan yararlana bilib. 

Bundan başqa, RK-nın strukturuna daxil olan ilk təşkilatların xətti ilə də turlar təşkil olunub.  Belə ki, “Neftqaztikinti” trestinin əməkdaşları İsmayıllı rayonunda yerləşən “Green house”, SOCAR Nəqliyyat İdarəsi, “Suraxanı OiL”, “Balaxanı OiL”, “Neft Daşları”, neftqazçıxarma idarələrinin əməkdaşları Nabranda yerləşən “Palma” və “Lotos” istirahət mərkəzlərində , Heydər Əliyev adına Neft Emalı Zavodunun işçiləri İsmayıllı rayonunda yerləşən “Qızıl Qaya” İstirahət Mərkəzində yayın ləzzətini çıxarıblar.

Bəzi idarə və müəssisələrin həmkarlar ittifaqı təşkilatları öz üzvlərinin Nabranda yerləşən “Mayak”, “Qoşa çinar” və digər istirahət mərkəzlərində də  2 günlük istirahətini təşkil edib.

Həmçinin neftçilər və onların ailə üzvləri “Park Qusar” (Qusar rayonu), “Palma” (Nabran), “Meşəbəyi” (Lerik), “Palıdlı sahil” (Lənkəran) istirahət mərkəzlərində də dincəliblər. Mövsüm ərzində “Palma”da  1114, “Park Qusar”da 171, “Palıdlı Sahil”də 195, “Meşəbəyi”də isə 174 nəfər istirahət edib. 

Adıçəkilən istirahət mərkəzlərinin yerləşdiyi məkanlar və eləcə də respublikamızın gözəl təbiətə malik digər dilbər guşələrinə təşkil olunan ekskursiyalar  da insanların xatirəsində silinməz izlər buraxıb. Təşkil olunan gəzintilər və istirahət mərkəzlərinə verilən yollayışlar insanların sağlamlıqlarının möhkəmlənməsinə, iş qabiliyyətlərinin yüksəlməsinə və asudə vaxtlarının səmərəli keçirilməsinə xidmət edir.