İtaliyada qənaət siyasəti etiraza səbəb olub


Baxıldı : 86

Tarix : 2019-02-18 05:40:53


İtaliyanın həmkarlar ittifaqı təşkilatları hökumətin izlədiyi qənaət  siyasətinə qarşı böyük etiraz aksiyası təşkil ediblər. Fevralın 9-da Romada təşkil olunan mitinqə yüzminlərlə insan qatılıb. Paytaxtın San Covanni Meydanı ölkənin hər yerindən gələn işçilər, pensiyaçılar və onların ailələri ilə dolub. Etirazçılar izlənilən siyasi xəttin dəyişdirilməsini, ölkənin və əhalinin gələcəyinin düzgün təminatı üçün müzakirələr başladılmasını tələb ediblər.

Ölkənin əsas həmkarlar ittifaqı təşkilatları  olan CGİL, CİSL, UİL  izlənən qənaət siyasətinin həm İtaliyada, həm Avropada dərin bərabərsizliyin artmasına, işsizlik və yoxsulluğun, xüsusilə də gənclər arasında dərinləşməsinə səbəb olacağını bildiriblər.

İndustriALL Qlobal İttifaqına daxil olan İtaliya təşkilatları yerli şirkətlərin  ölkə iqtisadiyyatını gücləndirməklə bağlı addımlarının hökumətin siyasi  iradəsi güclü olmadığı üçün uğurla nəticələnmədiyini vurğulayıb.  Bildirilib ki, hökumət  indiyə qədər dövlət və özəl müəssisələrdə investisiyanın artırılmasına yönələn heç bir addım atmır. Əksinə qanunvericilkdə qəbul edilən bəzi dəyişikliklər şirkətlərin yeni neft və qaz mədənlərinin araşdırılmasına əngəl yaradır. Bu isə ölkədə 15 minə yaxın işin ixtisarına gətirib çıxarır. Dəyişiklik, eyni zamanda ölkənin enerji təminatında xarici ölkələrdən asılılığını artırır.

Həmkarlar təşkilatlarının  tələbi özəl sektorda istehsalı dəstəkləmək üçün investisiya yatırılmasına imkan yaradılması, vergi qaçaqçılığına qarşı sistemli mübarizə, maaş və pensiyaların artırılmasıdır. Digər tələblərə, sosial sığorta sisteminin genişləndirilməsi, yoxsulluğa qarşı mübarizə, tibbi xidmətlərin, peşə təhsilinin yaxşılaşdırılması, həmkarlar təşkilatları ilə hökumət və işəgötürən qurumlar arasında dialoqun təşkili daxildir.

İtaliya Beynəlxalq Statistika İnstitutu ölkədə ötən il işsizlik səviyyəsinin 10,6 faizlik bir rekord göstəricisinin qeydə alındığını açıqlayıb. Bu nəticə Avropada işsizlik faizinə görə, Yunanıstan və İspaniyadan sonra 3 cü ən böyük göstəricidir. Gənclər arasında işsizlik faizi isə 32,1 faiz hesablanıb.