İttifaqımızın strukturlarında səriştəli liderlər, fəallar cəmlənmişdir


Baxıldı : 202

Tarix : 2018-02-03 23:16:22


Ənənəmizə sadiq qalaraq ötən beş ildə də fəaliyyətimizi tərəfdaşlarımızla sosial dialoq əsasında qurmuşuq. Məhz buna görə də üzvlərimizin maraq dairəsində olan məsələlər müəssisə rəhbərləri ilə müzakirə olunur, birlikdə onların həyata keçirilməsini reallaşdırırıq.

Biz təşkilatımızın sıralarının genişləndirilməsi işində də sosial dialoqun imkanlarından bəhrələnirik. Tərəfdaşlarmızla sıx əməkdaşlıq əlaqələrinin nəticəsidir ki, bu günə qədər 20 xarici və müştərək müəssisədə həmkarlar ittifaqı təşkilatı yarada bilmişik. Bu təşkilatlarda çalışan üzvlərimizin sayı 21 min nəfərdən çoxdur. Düzdür, heç nəyə asanlıqla nail olmaq mümkün deyil. Amma həlli mümkün olmayan problem də yoxdur. Danışıqlar aparmaqla, qarşılıqlı kompromislərə getməklə problemləri aradan qaldırırıq. Elə ortaq nöqtə tapırıq ki, nə işçilərin, nə də işəgötürənlərin hüquqları pozulmasın, heç bir tərəf ziyan görməsin.

Danışıqları isə o həmkarlar ittifaqı təşkilatı lideri apara bilər ki, o öz işini dərindən bilsin, hüquqi savada malik olsun. Uzun illər aparılan kadr siyasətinin nəticəsidir ki, ittifaqımızın strukturlarında səriştəli liderlər, fəallar cəmlənmişdir. Bu kadrlar istənilən səviyyədə danışıqlar aparmaqla ən çətin problemləri belə həll etməyi bacarırlar.

Xüsusən mən Bahar Enerji Şirkətinin HİK sədri Mamed Məmmədovun işini qeyd etmək istərdim. Müəssisənin rəhbərliyi ağır maliyyə böhranından çıxmaq istəyi səbəbindən vaxtaşırı işçilərin sayının azaldılmasına çalışırdı. Bu hallarda həmkarlar ittifaqı sədri şirkət rəhbərliyi ilə davamlı danışıqlar apararaq, ixtisara düşə biləcək işçilərin hüququnun müdafiəsinə çalışırdı. Onun məntiqi təklifləri, tələbləri və inadkarlığı sayəsində 70-dək işçinin işdə qalmasına nail olundu. Yeri gəlmişkən, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin təşəbbüsü ilə Əmək Məcəlləsinə edilən dəyişiklik (işəgötürənin təklifi ilə işçinin işdən azad edilməsi yalnız həmkarlar ittifaqının razılığı əsasında həyata keçirilə bilər) bizim işimizə çox yarayır.

Son zaman idarə və müəssisələrin siması dəyişib. İnzibatı binalar, avadanlıq, istehsalat sahələrinin vəziyyəti tələb olunan standartlara tam cavab verir. Bununla yanaşı, işçilərimizin iş və məişət şəraiti də köklü şəkildə müasirləşmişdir. İş yerlərində yeni soyunub-geyinmə otaqları, müasir avadanlıqlarla təchiz olunmuş yeməkxanalar, yemək otaqları, duşxanalar istifadəyə verilib.

Mənzil tikintisi və  onların ehtiyacı olan işçilərimizə verilməsi istiqamətində də böyük işlər görülür. Son 5 ildə 1698 neftçi ailəsinə mənzil və 202 nəfərə torpaq sahəsi ayrılmışdır. Bibiheybət, Lökbatan, Qaraçuxur ərazilərində layihələndirilmiş yaşayış binalarının tikintisi və Buzovna zonasında torpaq sahəsinin bölgüsü bizə imkan verəcəkdir ki, mənzil növbəsində dayananların 50 %-i yaşayış sahəsi ilə təmin olunsun. Növbəti 5 il ərzində bunun reallaşması mümkündür.

Ötən 5 ildə digər sahələrdə də uğurlar qazanmışıq. Etiraf edim ki, nöqsanlarımız, çətinliklərimiz də olub.

Amma biz heç vaxt nə uğurlardan qürrələnmişik, nə də uğursuzluqdan ruhdan düşməmişik. Çünki bilmişik ki, minlərlə insan öz sosial, əmək hüquqlarının qorunmasını bizə etibar edib.