İttifaqın hesabat dövründəki fəaliyyəti qənaətbəxş sayıldı


Baxıldı : 91

Tarix : 2017-08-25 23:32:13


Avqustun 25-də Bakı Biznes Mərkəzində Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının VI qurultayı keçirildi. Əvvəlcə qurultay nümayəndələri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər güllər düzüblər.

Sonra qurultay işinə başladı. İlk olaraq fotoslayd nümayiş etdirildi. Slaydda  ittifaqın son 5 ildə göstərdiyi fəaliyyətin müəyyən məqamları əksini tapmışdı.

Hesabat məruzəsi ilə ittifaqın Respublika Komitəsinin sədri Hikmət Osmanov çıxış etdi. Dedi ki, ötən 5 il ərzində ittifaqımızın üzvlərinin sayı 12 min nəfər artaraq 80 minə çatmışdır. Bu artım yeni yaradılmış dövlət orqanlarında, bir sıra özəl qurumlarda apardığmız söhbətlərin və onlarda həmkarlar ittifaqlarına inam yaratmağımızın, AHİK sədri Səttar Möhbalıyevin təşəbbüsü ilə mövcud qanunvericilik aktlarında edilən dəyişikliklərin nə dərəcədə əhəmiyyətli olduğu haqqında verdiyimiz məlumatlar əsasında mümkün olmuşdur.

17 nazirlik, dövlət komitəsi, agentlik, bank, publik hüquqi şəxslər, bir sıra şirkətlər və mərkəzi icra orqanları ilə sahə kollektiv sazişləri bağlamışıq. Kollektiv saziş və müqavilələrə əmək münasibətləri, təhlükəsiz əmək şəraitinin yaradılması, işçilərin sağlamlığının mühafizəsi, gender bərabərliyi və sair məsələlərə aid öhdəliklər daxil edilib.

Natiq bu öhdəliklərin bir neçəsini qurultay nümayəndələrinə təqdim etdi. Bildirdi ki, Respublika Baş Prokurorluğu və Azərbaycan Beynəlxalq Bankı, kollektiv sazişə müvafiq olaraq, sərbəstləşən işçilərə, yəni attestasiyadan keçməyənlərə 2 aylıq orta əməkhaqqı miqdarında müavinət ödəyir. Halbuki bu, qüvvədə olan Əmək Məcəlləsində nəzərdə tutulmamışdır.

Dövlət Sığorta Kommersiya Şirkəti isə aztəminatlı və çoxuşaqlı, habelə sağlamlıq imkanları məhdud uşağı olan və ya övladı ağır xəstəliyə tutulmuş işçilərə ildə bir dəfə ən azı aylıq vəzifə maaşı miqdarında maddi yardım göstərir.

Ötən müddət ərzində kollektiv saziş və müqavilələrin yerinə yetirilməsi ilə bağlı bir sıra yoxlamalar aparmışıq. Nəticələri müzakirə edilərək müvafiq qərarlar qəbul olunmuşdur.

H.Osmanov dedi ki, hesabat dövründə qanunsuz işdənçıxarma halları xeyli azalıb. Bu da həmkarlar ittifaqı təşkilatlarının prinsipial mövqe tutması nəticəsində mümkün olub. Lakin etiraf edək ki, bu sahədə hələ də bəzi ilk təşkilatlarımız zəiflik göstərir, rəhbərliyin ədalətsiz qərarlarına qarşı ortaya ciddi mövqe qoymurlar.

Gender bərabərliyi siyasətinin həyata keçirilməsi, yerlərdə qadınlara və ailəli xanımlara qayğı onların əməyinə layiqincə qiymətləndirilməsi, qadın kadrların vəzifədə irəli çəkilməsində təşəbbüskarlıq göstərmək təşkilatlarımızın əsas vəzifələrindəndir. Bu vəzifəyə məsuliyyətlə yanaşmağımızın nəticəsidir ki, qadınların rəhbərlik etdikləri komitələrin sayı nəzərə çarpan dərəcədə artmışdır. Bu günə bizim sahədə 29 nəfər zərif cinsin nümayəndəsi sədr vəzifəsində çalışır. Bundan başqa, sahə həmkarlar ittifaqında maaşlı vəzifələrdə işləyən xanımların sayı  43  nəfərdir.

Dövlət idarələri və ictimai xidmət təşkilatlarında işləyən gənclərin əmək hüquqlarının müdafiəsini prioritet vəzifələrimizdən sayırıq. Kollektiv saziş və müqavilələrdə qiyabi, ali və ya ikinci ali təhsil alan gənclərə akademik məzuniyyətin verilməsi, ixtisaslarının artırılması, kurslara göndərilməsi nəzərdə tutulur. Maliyyə imkanları olan idarə və təşkilatların rəhbərləri hərbi xidmətə çağırılan işçilərə əmək qanunvericiliyində nəzərdə tutulduğundan daha artıq müavinət verirlər. Bir çox işəgötürənlər isə  yeni ailə həyatı quran gənc işçilərə əlavə 3 gün ödənişli məzuniyyət və aylıq vəzifə maaşı miqdarından az olmayan maddi yardım verilməsi barədə öhdəliklər götürüblər.

Respublika Komitəsi 2009-2010-cu tədris ilindən başlayaraq üzvlərimizin övladları olan və təhsillərində fərqlənən tələbələrə hər ay 50 manat məbləğində təqaüd təyin edir. Təqaüdün təsis edilməsinin məqsədi gənclərdə biliyə, təhsilə marağı daha da artırmaq, onlara maddi köməklik göstərməkdir.

H.Osmanov ittifaqın fəaliyyətinin digər sahələrinə də toxundu. Bildirdi ki, təşkilatımız növbəti beş ildə də üzərinə düşən vəzifənin öhdəsindən gəlmək üçün var qüvvəsini əsirgəməyəcək.

Məruzə ətrafında çıxışlarda ittifaqın hesabat dövründəki fəaliyyəti qənaətbəxş sayıldı.

Qurultayda çıxış edən Prezident Administrasiyasının İctimai-Siyasi Məsələlər Şöbəsinin müdir müavini Tahir Süleymanov həmkarlar ittifaqının cəmiyyətimizin demokratik əsaslar üzərində formalaşmasında oynadığı mühüm rolu yüksək qiymətləndirdi. Dedi ki, dövlətimizin iqtisadi, sosial siyasətinin həyata keçirilməsində fəal iştirak edir. Daxili nizam-intizam baxımından da digər ictimai qurumlara nümunədir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev çıxışına Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin kollektivi haqqında xoş sözlərlə başladı. "Respublika Komitəsi aparatında səmimi, işgüzar kollektiv formalaşıb",- dedi. - "Görünür, əldə edilən uğurların da səbəbini bunda axtarmaq lazımdır".

Səttar müəllim qeyd etdi ki, ölkə başçısı cənab İlham Əliyevin daxili siyasətinin əsasında insan amili durur. Vətəndaşlarımızın firavanlığı, rifah halının yüksələn xətlə yaxşılaşması başlıca məqsədidir. O, bu işdə həmkarlar ittifaqının köməyini vacib amillərdən biri hesab edir. Məhz ona görədir ki, istər sosialyönümlü qanunvericilik bazasının təkmilləşdirilməsi, istərsə də digər məsələlərlə bağlı təkliflərimizi böyük məmnuniyyətlə dəstəkləyir.

S.Möhbalıyev Prezidentin bu etimadını doğrultmaq üçün həmkarlar ittifaqının öz imkanlarından maksimum yararlandığını dedi. Bildirdi ki, biz ilk növbədə ona nail olmaq istəyirik ki, hər bir işçinin özü öz hüquqlarının müdafiəçisi olsun. Ona görə də maarifləndirmə işinə fəaliyyətimizdə geniş yer ayırmışıq. Hər il müxtəlif miqyaslarda və müxtəlif mövzularda seminarlar, dəyirmi masalar təşkil olunur. Bu tədbirlərə minlərlə həmkarlar ittifaqı lideri, fəalı, eləcə də işəgötürənlərin nümayəndələri cəlb edilir. Yeri gəlmişkən deyim ki, mötəbər beynəlxalq təşkilatların məsul işçiləri də bizim bu sahədəki fəaliyyətimizi görür və dəyərləndirirlər. Təsəvvür edin ki, təkcə bu il biz 4 beynəlxalq tədbirə ev sahibliyi etmişik. Bu nəyə lazımdır? Ona görə ki, beynəlxalq təcrübəni öyrənirik. Onu yerli şəraitə uyğunlaşdırıb tətbiq edirik.

Səttar müəllim AHİK-in üzvlərinin qayğısının tərkib hissəsi kimi sanatoriyaların, istirahət mərkəzlərinin tikilməsinə, təmirinə vəsait ayrılmasının da vacib amillərdən biri olduğunu dedi. "Mövcud istirahət mərkəzlərimiz, sanatoriyalarımız vaxtaşırı əsaslı təmir olunur, müasir avadanlıqlarla təchiz edilir.

AHİK sədri problemlərdən də danışdı. Onların həlli yollarını göstərdi. Tövsiyələrini verdi.

Çıxışının sonunda Hikmət Osmanovun yenidən sahə Hİ Respublika Komitəsinin sədri seçilməsini təklif etdi. Qurultay yekdilliklə bu təklifi dəstəklədi. Qurultay Əbülfəz Mehdiyevi sədr müavini seçdi.

Sonda ittifaqın növbəti 5 il üçün fəaliyyət istiqamətləri təsdiq olundu.

Bəyalı RZAYEV