İxrac şaxələndirilməlidir


Baxıldı : 314

Tarix : 2017-01-13 22:50:36


"Kənd təsərrüfatı ilə bağlı məsələlər xüsusi diqqət tələb edir. Ona görə mən bu sahəyə bu gün də, ümumiyyətlə, çox böyük diqqət ayırıram. Çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm ixracdır. Biz ixracı şaxələndirməliyik və ilk növbədə kənd təsərrüfatı məhsulları hesabına". Bunu Prezident İlham Əliyev  Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd etmişdir.

Kənd təsərrüfatı sahəsində görüləcək işlər və bu sahədə ixracın stimullaşdırılması üçün atılan addımlar ilə bağlı iqtisadçı ekspertlərin fikirlərini öyrəndik. İqtisadçı alim Vüqar Bayramov "Ülfət" qəzetinə verdiyi müsahibədə dedi: "Bildiyiniz kimi, kənd təsərrüfatı Azərbaycan üçün yalnız ixrac potensialı deyil, həm də məşğulluq baxımından  vacib sahələrdəndir.  Azərbaycanda məşğul əhalinin 37 faizi kənd təsərrüfatında çalışır. Bu sahənin inkişafı, ixrac potensialının artırılması Azərbaycan hökuməti üçün ən prioritet məsələlərdən biri hesab olunur. Eyni zamanda qeyri-neft sektorunda kənd təsərrüfatı ixrac potensialına malik olan  mühüm sahələrdəndir. Azərbaycanın aqrar sektor məhsullarının xüsusən də ənənəvi bazarlarda satılma imkanları genişdir. Əslində ölkə başçısının tapşırığı ondan ibarətdir ki, kənd təsərrüfatı məhsullarının bazarlar baxımından diversifikasiyası həyata keçirilsin və yeni bazarlara çıxış imkanları  genişləndirilsin.

Aqrar sektorun ixrac strukturuna diqqət yetirsək qeyri-neft sektorunda ixrac olunan məhsulların 70 faizi məhz aqrar sektorun payına düşür. Bu, sektorun ixrac imkanlarının 2017-ci ildə genişləndirilməsinə şərait yaradır".

V. Bayramov qeyd etdi ki, Azərbaycanda istehlak olunan malların təxminən 70 faizi idxal olunur. Lakin son illər  aqrar  sektor üzrə yerli məhsulların payının artması müşahidə edilir. Sözsüz, hazırda tam olaraq tələbat ödənilmir, bunun üçün zaman lazımdır. Əsas hədəf hazırda ölkəmizdə kənd təsərrüfatı məhsullarına olan tələbi yerli istehsal hesabına ödəməkdir. Ekspert vurğuladı ki, "bu, strateji hədəfdir, ərzaq məhsullarının təhlükəsizliyi baxımından da vacibdir və güman edilir ki, mərhələli şəkildə buna nail olunması mümkün olacaq".

 İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev isə hesab edir ki, kənd təsərrüfatı sahəsində ixracın genişləndirilməsi üçün bir neçə istiqamətdə işlərin görülməsi zəruridir: "İlk növbədə kənd təsərrüfatı sahəsində savadlı kadrlar hazırlanmalıdır. Peşə məktəblərinin sayı və onlarda təhsilin keyfiyyəti artırılmalıdır. Texniki orta təhsil müəssisələri açılmalıdır. İkincisi,  istehsalın təşkili intensiv  həyata keçirilməli və yeni texnologiyalar tətbiq olunmalıdır.  Ən əsas məsələlərdən biri ixrac etdiyimiz məhsulların beynəlxalq standartlara cavab verməsinə nail olmaqdır. Digər bir vacib məqam isə, aqrar məhsulların saxlanması, daşınması, qablaşdırılmasıdır. Kənd təsərrüfatı sahəsində intellektual idarəetmə mexanizminin formalaşdırılması da əsas hədəflərdəndir. Eyni zamanda maliyyələşmə mexanizmi də optimallaşdırılmalıdır. Kənd təsərrüfatı yüksək riskli sahə olduğu üçün sığorta islahatlarına böyük ehtiyac var".

Günel QULİYEVA