İxtisarla inkişaf planlamaq inandırıcı deyil


Baxıldı : 59

Tarix : 2017-08-18 23:32:48


Şotlandiya Kral Bankı (ŞKB) 2020-ci ilə qədər internet texnologiyaları (İT) sahəsində çalışan mühəndislərin 40 faizə qədərini ixtisar edəcəyini açıqlayıb. Səbəb kimi iqtisadi çətinliklər və nəzərdə tutulan qənaət modeli göstərilib. "Unite" Həmkarlar İttifaqı qərarın 880 mütəxəssisin işinə təsir edəcəyini qeyd edib və bankın personalın azalmasına qarşı ofşor şirkətlər hesabına xidmət göstərməsinin qeyr-qanuni olduğunu vurğulayıb.

"Unite"nin nümayəndəsi Rob MacGregor məsələ ilə bağlı deyib ki, ŞKB son 10 ildə 900-ə yaxın işçi personalını, o cümlədən İT mütəxəssislərinin 40 faizini ixtisar edib: "Rəhbərlik bununla iqtisadi vəziyyətini yaxşılaşdırmağa planlaşdırsa da, heç bir nəticə əldə edə bilməyib. Dövr texnologiya dövrüdür və bankların internet xidmətləri gündən-günə genişlənir. Belə vəziyyətdə İT mütəxəssislərinin işinə son verərək inkişafı sürətləndirmək inandırıcı deyil. Əgər bank bu xidməti ofşor şirkətlər hesabına həyata keçirərsə, qanun qarşısında hesabat verməli olacaq. Bankın ixtisar planlarının ictimaiyyətə açıqlanması məhsuldarlığa da mənfi təsir edəcək Təklif edirik ki, ixtisarlarla xərclərini azaltmağa çalışan rəhbərlik ölkədə fərqli proyektlərə investisiya ayıraraq böhrandan xilas olsun. Tələbləri təkcə bank rəhbərliyinə ünvanlamaq da düzgün deyil. Çünki səhmlərin 71 faizi dövlətə məxsusdur və ixtisar aparılmadan da bankın inkişafı təmin edilə bilər.

Cavid SƏFƏROV