İxtisarlar  hiddətə səbəb oldu


Baxıldı : 49

Tarix : 2017-11-24 23:19:22


"Siemens" şirkətinin yenidənqurma planı çərçivəsində 600 işçinin ixtisarını təsdiqləməsi Almaniyanın paytaxtı Berlində kütləvi etirazlara səbəb olub. Şirkətin "Dyanoverk" istehsal fabriki önündə noyabrın 17-dən mitinqlər və etiraz aksiyaları təşkil olunub. Yüzlərlə işçi "Biz "Siemens"ə aidik və heç yerə getməyəcəyik" şüarı səsləndiriblər.

Şirkət ötən həftə, başda enerji sektorundan olmaq üzrə, ümumilikdə 6900 əməkdaşının ixtisar olunacağını açıqlamışdı. Bir sıra ölkələrin alternativ enerji mənbələrinə üz tutması böyük qaz turbinləri istehsal edən "Dyanoverk"də 600 iş yerinin ləğvinə səbəb olub.

İşdən çıxarılmanı qəbuledilməz hal hesab edən Almaniyanın "İG Metal" həmkarlar ittifaqı buna qarşı mübarizə aparacaqlarına söz verib. İttifaqdan verilən açıqlamada küçə və meydanlarda fasiləsiz mitinqlər keçirələcəyi deyilib.

"Siemens" şirkəti ixtisarları alternativ enerjiyə keçidlə bağlı istehsal etdiyi məhsullara tələbatın azalması ilə izah edib. Lakin qatar, tibbi cihazlar və digər sənaye məhsullarının    istehsalı sektorunda nəzərdə tutulan ixtisarın səbəbinin açıqlanmaması işçilər arasında hiddətə səbəb olub. Şirkət həmçinin Almaniyanın iqtisadi cəhətdən zəif bölgəsi olan Goerlitz və Leipziq şəhərlərindəki fabriklərini bağlamağı planlaşdırır. Nəzərdə tutulan bu proqram çərçivəsində ABŞ-da 1800,  Avropanın digər ölkələrində 1100 iş yeri ixtisar olunacaq.

Cavid SƏFƏROV