İxtisarlar qanunauyğun aparılmalıdır


Baxıldı : 120

Tarix : 2017-04-08 04:27:42


Ölkədə aparılan islahatların əsas istiqamətlərindən biri iş yerlərinin bağlanmasının qarşısını almaq, yenilərinin açılmasına nail olmaqdır. Lakin görülən tədbirlərə baxmayaraq, işçilərin ixtisar olunması halları bank sektorunda daha çox müşahidə olunur. 

 Regionlarda gənclərin işlə təmin olunmasında təhsil və səhiyyə müəssisələrindən sonra banklar önəmli yer tutur. Bankların regionlardakı filiallarının bağlanması yüzlərlə vətəndaşın işsiz qalmasına, onların yenidən işləmək üçün qonşu ölkələrə meyil etməsinə və sairə problemlərə səbəb olur.

Statistikaya əsasən, bu ilin ilk yanvar-fevral aylarında 285 nəfər işçi bank sektorundan kənarlaşdırılıb.

Bankların bağlanması nəticəsində işsiz qalan vətəndaşlar haqqında mövzuya münasibət bildirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov dedi ki, işçilərin ixtisar məsələsi Əmək Məcəlləsində nəzərdə tutulub. Bir müəssisə bağlanarsa və ya ştat azalarsa ixtisarlar qaçılmaz olur. Lakin kütləvi şəkildə ixtisarlar zamanı bundan aidiyyəti qurumlar məlumatlandırılmalı, xüsusi prosedurlar həyata keçirilməlidir.

Bu sahədə milli şirkətlərimizdən olan "SOCAR"ın idarəetmə sistemi beynəlxalq normalara uyğundur. Belə ki, işçi ixtisara düşən zaman ona 5 aylıq orta əməkhaqqı miqdarında kompensasiya ödənilir. Və yaxud onun şəxsi işi yenidən “SOCAR"ın kadr bankında yerləşdirilir, əgər iş olarsa, ona növbədənkənar iş verilir. Əgər ixtisara düşən işçi yenidən peşəyönümünü artırıb başqa yerdə işləmək istəyərsə, şirkət onun xərclərini çəkir. Rəhbərliyin bu məsuliyyəti işçini ixtisardan sonra bir müddət taleyin ümidinə buraxmır. Təəssüf ki, banklarda da belə bir siyasət yoxdur. Halbuki onlar da milli şirkətlərdir və onların da həm işçilər, həm də cəmiyyət qarşısında korporativ sosial məsuliyyətləri var. Lakin banklar bu məsuliyyətlərinə biganə yanaşırlar. Hətta ixtisara düşən zaman işçiyə verilməli olan iki aylıq təzminat da ödənilmir. Belə ki, bank rəhbərləri işçilərlə bəzən əmək müqaviləsi deyil, xidmət müqaviləsi  bağlayırlar. İşçiləri ixtisar edən zaman isə bunu işçinin işdən çıxarılması kimi deyil, xidmət müqaviləsinin başa çatması və yeni müqavilənin bağlanmaması kimi sənədləşdirirlər. Bununla da həmin işçi əmək qanunvericiliyində nəzərdə tutulmuş təzminatı ala bilmir. Lakin işçi əmək müqaviləsi ilə işləyirsə, ixtisar zamanı öz hüququnu qoruya bilər. O, həmkarlar ittifaqlarının üzvüdürsə, sözsüz ki, bu qurum belə problem olanda ona kömək edəcək, əgər deyilsə, işçi məhkəmə yolu ilə haqqını tələb edə bilər.

Bank sahəsi üzrə ekspert, hüquqşünas  Əkrəm Həsənov  dedi ki, banklarda bir çox hallarda ixtisar zamanı işçini məcbur edirlər ki, o öz ərizəsi ilə çıxsın. Əgər işçi ərizəni yazıb işdən könüllü ayrılırsa, müəssisə artıq bunu  ixtisar adlandırmır.

Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, hər hansı bir müəssisədə iş yerləri ixtisar ediləcəksə, həmin vəzifədə çalışan işçilərə iki ay əvvəldən yazılı xəbərdarlıq edilməlidir. Bu iki ay ərzində həftədə bir gün iş axtarmaq üçün icazə verilməli və həmin günlərin də əməkhaqqı ödənilməlidir. Əgər iki ay ərzində iş tapa bilməsələr, onlara 1 aylıq orta aylıq əməkhaqqı məbləğində müavinət verilməlidir. Daha sonra  həmin şəxs Məşğulluq Mərkəzində uçota duraraq, bu qurumdan layiqli işlə təmin edilə bilməməsi barədə arayış gətirirsə, işçiyə ikinci və üçüncü aylar üçün də kompensasiya ödənilməlidir.

Əsli ƏHMƏDOVA