Jurnalistlərə mənzillər verilib


Baxıldı : 80

Tarix : 2017-07-22 00:51:01


"Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri"nin müəyyənləşdirilməsi, həmin qaydalar və şərtlər əsasında sənədlərin qəbulu prosesinin şəffaf və ədalətli şəkildə həyata keçirilməsi məqsədilə yaradılmış birgə komissiyanın yekun iclası keçirilib.

 KİVDF-nin verdiyi məlumata görə, iclasda şəxsi göstəriciləri komissiya tərəfindən elan olunmuş kriteriya və şərtlərə cavab verən KİV əməkdaşlarının müvafiq seçimlərdən sonra hazırlanmış yekun siyahısı müzakirə olunub.

Komissiya üzvləri namizədlərin jurnalistika sahəsindəki xidmətlərini, ailə tərkibini, mənzilə olan ehtiyaclarını və haqqının çatmasını nəzərə alaraq mənzillərin bölgüsünü həyata keçiriblər.

Xatırladaq ki, jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzil var. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Binada 9 birotaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı mənzil var. Binanın həyətində idman meydançası yaradılıb, geniş abadlıq işləri görülüb.

İyulun 20-də Milli Mətbuat Günü ərəfəsində jurnalistlər üçün tikilmiş növbəti binada mənzillərin paylanması mərasimində prezident İlham Əliyev də iştirak edib.