Kənd təsərrüfatı ili\ nə vəd edir?


Baxıldı : 383

Tarix : 2015-01-17 13:12:00


Prezident İlham Əliyevin sərəncamına əsasən, 2015-ci il Azərbaycanda \ Kənd təsərrüfatı ili\ elan edilib. İl çərçivəsində kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Kənd Təsərrüfatı Nazirliyindən bildirildiyinə görə, kənd təsərrüfatı ilə bağlı yeni strategiyanın əsas hədəflərindən biri aqrar sektorun intensiv və səmərəli inkişafının stimullaşdırılması üçün dövlət dəstəyi tədbirləri beynəlxalq təcrübəyə uyğun olaraq davam etdiriləcək. Bu məqsədlə özəl bankların və kredit təşkilatlarının kənd təsərrüfatı sektoruna vəsait ayırmalarının daha da təşviqləndirildiyi mühiti yaratmaq üçün əlavə tədbirlər işlənib hazırlanacaq, kənd təsərrüfatının sığortalanması mexanizmi təkmilləşdiriləcək. Nəticə olaraq kənd təsərrüfatında məhsuldarlıq artacaq və kənd əhalisi qabaqcıl beynəlxalq təcrübə ilə daha yaxından tanış olacaqdır.İl çərçivəsində yeni aqrar layihələr həyata keçiriləcək, aqrar parklar yaradılacaq. Ölkədə torpaq bazarı inkişaf etdiriləcək, fermerlərin könüllülük əsasında birgə təsərrüfatçılıq ənənələrinin formalaşması təşviq olunacaqdır. Meliorasiya və irriqasiya tədbirləri gücləndiriləcək, torpaqların erroziyaya uğramasının, suvarılan əkin sahələrinin şoranlaşmasının qarşısının alınması və münbitliyinin artırılması istiqamətində tədbirlər gücləndiriləcəkdir. Ölkədə ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı stimullaşdırılacaqdır. Həmçinin genetik ehtiyatların və bioloji müxtəlifliyin qorunması, tingçilik, toxumçuluq və damazlıq işlərinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçiriləcək.Yeni strategiyanın əsas hədəflərindən biri ərzaq təhlükəsizliyi ilə bağlı daha güclü mexanizmlərin yaradılmasından ibarətdir. Respublikamızın ərzaq təhlükəsizliyi sahəsində beynəlxalq standartların qəbul edilməsi və yeni milli standartların inkişaf etdirilməsi nəzərdə tutulur. Bunun üçün dövlət proqramında nəzərdə tutulan ali meyarlara uyğun tədbirlər görüləcək, həmçinin özəl qurumların təşəbbüsü ilə ərzaq təminatının gücləndirilməsinə dair mikrolayihələr həyata keçiriləcək.ELBRUS