Şəkərli diabetdən əziyyət çəkənlərin sayı artır


Baxıldı : 227

Tarix : 2016-07-22 01:04:00


Əhalinin daha çox əziyyət çəkdikləri xəstəliklərdən biri də şəkərli diabetdir. Həmin xəstəlikdən əziyyət çəkənlərin sayı da son vaxtlar artmaqdadır. Hazırda ölkəmizdə 204 min insan şəkərli diabet xəstəsi kimi qeydiyyatdadır. Onlardan 62 min nəfəri paytaxtda yaşayır. Hazırda dispanser qeydiyyatında olan şəkər xəstələrindən 524 nəfəri uşaqdır. Maraqlıdır, respublikamızda şəkərli diabetin səbəbləri nədir və onların müalicəsi üçün görülən tədbirlər yetərlidirmi?Məsələyə münasibət bildirən Respublika Endikronolji Mərkəzin direktoru Yusif İsmiyev deyir ki, şəkərli diabet xəstəliyinin yaranma səbəbləri müxtəlifdir: \ Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, hər il dünyada şəkərli diabet xəstələrinin sayı 10-15 faiz artır. Bu rəqəm Azərbaycan üçün də eynidir. Hətta adi qrip xəstəliyi keçirən insan da onun fəsadı kimi şəkər xəstəliyinə tutula bilər. Uşaqlarda şəkərli diabetin aşkarlanmasının iki tipi mövcuddur. Bunlardan birində şəkərli diabet irsi xəstəlik kimi qeydə alınır. Belə ki, ailədə valideynlərdən hər hansındasa diabet xəstəliyi varsa, o zaman ailənin fərdləri risk qrupuna daxil olurlar. Əgər valideynlərin hər ikisində də şəkərli diabet xəstəliyi varsa, o zaman uşaqlarda 50 faiz meyillik olur. Valideynlərdən birində şəkərli diabet olarsa, o zaman 30 faiz meyillilik olur. Digər qrupda isə uşaqlarda şəkərli diabetin anadan keçməsi faktoru olmur, xəstəlik irsi sayılmır\ . Y.İsmiyevin sözlərinə görə, respublikamızda şəkərli diabet xəstələrinin müalicəsi üçün bir sıra addımlar atılır: \ Həyata keçirilən işlər çərçivəsində respublikamızda 45 154 nəfər şəkərli diabet xəstəsi qlükometrlə təmin olunub. Bundan başqa, 14 397 xəstəyə insulin terapiyası xidməti təqdim edilib. Qeydiyyatda olan xəstələr insulin analoqları, qlükometr və test çubuqları ilə daim tam təmin olunur. 90 nəfər uşaq Respublika Endikronoloji Mərkəz tərəfindən insulin pompaları və onların ləvazimatları ilə təmin edilib. Bütün şəkərli diabet xəstələrinin şəkərsalıcı preparatlar, insulin, insulin analoqları və özünənəzarət vasitələri ilə təmin olunması işi Bakı şəhəri ilə yanaşı, rayonlarda da həyata keçirilir. Bundan başqa Mingəçevir, Xaçmaz, Masallı, Gəncə və digər bölgələrdə maarifləndirmə işinin daha da yaxşılaşdırılması üçün Respublika Endikronoloji Mərkəzi tərəfindən elmi-praktik konfranslar təşkil olunur. Azərbaycanda diabetə qarşı mübarizə məqsədilə \ 2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı\ icra edilir. Proqram çərçivəsində ilk işimiz şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsidir\ .Həkim Natiq Əsədov deyir ki, şəkərli diabet xəstələri qida rejiminə də ciddi əməl etməlidir: \ Qəbul edilməlidir ki, diabet xəstəlik deyil, həyat tərzidir. Bu o deməkdir ki, insan müəyyən qaydalara əməl etdikdə, xəstəliyin onun həyatına olan mənfi təsirini minimuma çatdıra bilər. Lakin əgər xəstə bu qaydalara əməl etməzsə və şəkərin səviyyəsi onun qanında daim yüksək olarsa, böyrəklər, gözlər, qara ciyər, ürək-damar, sinir sistemində müxtəlif ağır pozulmalar olacaq. Xəstə mütləq və dəqiq bilməlidir ki, hansı qidaları qəbul edə bilər, hansıları yox. Şəkərli diabetin yüngül formalarında yalnız pəhrizin köməyi ilə şəkərin səviyyəsini normada saxlamaq mümkündür. Həmçinin şəkərli diabet xəstələri üçün nəzərdə tutulan diabetik qidaların istehsalına, idxalına, satışına ciddi nəzarət olunmalıdır. Diabetli xəstələr üçün nəzərdə tutulan qidalar bu xəstəliyin bütün parametrlərinə cavab verməlidir. Bilmək lazımdır ki, düzgün olmayan qidalanma və qeyri-aktiv həyat tərzi, artıq çəki kimi məsələlər şəkər xəstəliyinin əsas səbəblərindən biridir\ .Xalid AZƏR