Kadr və fəalların maarifləndirilməsi təmin edilir


Baxıldı : 210

Tarix : 2018-02-03 23:20:47


İş onda istənilən nəticəni verir ki, o, sistemli şəkildə aparılsın. Həmkarlar ittifaqı işində, fəaliyyət dairəsi nə qədər geniş olsa da, məqsədlərin cəmi kollektiv müqavilələrdə sistem halına salınır. Bunu bacaran təşkilatın qarşısına qoyduğu vəzifələrin yerinə yetirilməsi ən pis halda minimuma endirilir.

 

Digər həmkarlarımız kimi, biz də bunu təcrübəmizdə yəqin etmişik. Bir qədər sonra oxucuların diqqətinə çatdıracağım uğurlarımızın əsasında məhz tərəfdaşlarımızla hər iki ildən bir bağladığımız tarif sazişləri durur. Sazişlərin layihələri, qəbul edilmiş razılaşmaya görə, Federasiyada işlənsə də, bu prosesdə bütün sahə strukturları iştirak edir. Nəhayət layihə tərəfdaşlarımızın və bizim təşkilatımızın nümayəndələrindən ibarət ikitərəfli komissiyada baxılıb təsdiq olunur. Əvvəlki tarif sazişindən ötən iki il müddətində sahədə baş vermiş inkişaf, islahatlar və ya əksinə ortaya çıxmış problemlər bir daha araşdırılır və növbəti sazişə təklif edilir. Məlumat üçün deyim ki, sonuncu sazişə, ittifaqımızın VI qurultayının tövsiyəsi ilə, peşə ixtisas hazırlığının yüksəldilməsi, hazır məhsulun tədarükü şəbəkəsinin genişləndirilməsi, kənd təsərrüfatı və meliorasiya sahəsində çalışan işçilərin orta aylıq əməkhaqqının artırılması, işçilərin digər maraqlarını ehtiva edən 20-dən çox müddəa əlavə olunmuşdur.

Federasiya kollektiv müqavilələrin hazırlanmasında, imzalanmasında da yaxından iştirak edir, əməli kömək göstərir. Artıq son məlumata görə, sahə üzrə 553 idarə və müəssisədə, o cümlədən 250 müəssisədə kollektiv müqavilə bağlanmışdır.

Tarif sazişində yazıldığı kimi, tərəfdaşlarımız olan Kənd Təsərrüfatı Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və digər təşkilatlar tərəfindən hüquqi aktların hazırlanmasında Federasiya və üzv təşkilatları bilavasitə iştirak etmişdir.

Məsələn, nazirlikdən təqdim edilən əməyin təşkili və təhlükəsizliyi ilə bağlı normativ-hüquqi sənədlər, qanunvericiliyə uyğun olaraq, Federasiyada öyrənilmiş və müvafiq rəy verilmişdir. “Ekoloji kənd təsərrüfatı istehsalı haqqında”  qanun layihəsinə 7 bənddən ibarət təklifimiz Milli Məclis tərəfindən bəyənilmiş və təsdiq edilmişdir.

Tarif sazişində, kollektiv müqavilələrdə üzvlərin sağlam iş şəraiti ilə təmin olunması konkret maddələrlə əksini tapmışdır. Ötən 5 ildə AHİK-in keçirdiyi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqələrdə ittifaqımızın xidmətində olan müəssisələr uğurla iştirak etmişlər.

25 müəssisənin qaliblər sırasında yer alması faktının özü sözügedən sahədə vəziyyətin qənaətbəxş olmasını göstərir. Yeri gəlmişkən deyim ki, qalib təşkilatlar AHİK-in, Federasiyamızın diplomları, qiymətli hədiyyələri ilə təltif edilmişlər. Qaliblərin qabaqcıl iş təcrübəsi tərəfimizdən digər müəssisələrdə də yayılmışdır.

Biz qurultaylararası dövrdə üzərimizə götürdüyümüz missiyanı yerinə yetirə bilməkdən ötrü kadr hazırlığına çox ciddi yanaşmışıq. Məlumat üçün deyim ki, sahə həmkarlar ittifaqında fəaliyyət göstərən komitə sədrlərindən 93,3 faizi ictimai əsaslarla çalışır.

Öz sahələrində yüksəkixtisaslı mütəxəssis olmaqla yanaşı, daşıdıqları ictimai vəzifənin öhdəsindən gəlmək üçün, onların hər biri həmkarlar ittifaqı fəaliyyətinin əsaslarını dərindən mənimsəməli, bu sahədə ətraflı biliklərə yiyələnməlidir.

Arxada qoyduğumuz 5 ildə sıralarımızda təbii yeniləşmə 20 faizdən yuxarı olub. Bu da kadr və fəalların ardıcıl təhsili və maarifləndirilməsi zərurəti yaradırdı. Zərurəti nəzərə alaraq biz HİK sədrlərinin və fəallarının müxtəlif formatlı maarifləndirici tədbirlərdə iştirakını təmin etdik. Konkret desək, Əmək və Sosial Münasibətlər Akademiyasının, Kənd Təsərrüfatı, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin mütəxəssisləri və rayon icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə ölkənin bölgələrində keçirilən 135 seminar və dəyirmi masada sahəmizin 1902 nəfər lider və fəalı biliklərini artırmışdır.

175 həmkarlar ittifaqı fəalı isə istehsalatdan ayrılmaqla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkil etdiyi ixtisasartırma kurslarını bitirmişdir.

Son hesabat-seçkilər zamanı ilk həmkarlar ittifaqının seçkili orqanlarının tərkibinə 484 nəfər gənc irəli çəkilmişdir ki, bunlardan da 139 nəfəri sədr vəzifəsinə seçilmişdir. Bundan başqa, 3 rayon və birlik komitəsində 65 və daha artıq yaşda olan, əmək qabiliyyəti aşağı düşmüş rəhbər işçilər gənc kadrlarla əvəz edilmiş, Federasiyanın aparatına isə 2 nəfər gənc kadr işə qəbul edilmişdir.

Əlbəttə, fəaliyyətimizin digər sahələrində də az iş görməmişik. Təbii ki, kiçik bir yazıda bunların hamısı barədə danışmaq mümkünsüzdür. Sözümü onunla yekunlaşdırıram ki, bundan sonra da ittifaqımızın üzvlərinin maraqlarının qorunması, sosial rifah halının yaxşılaşdırılması istiqamətində fəaliyyətimizi daha da gücləndirəcək, Azərbaycan dövlətçiliyinin inkişafı naminə bütün imkanlarımızı səfərbər edəcəyik.