Kadrlar hərtərəfli hazırlıqlı olmalıdır


Baxıldı : 62

Tarix : 2019-07-01 06:31:58


İyunun əvvəlindən başlayaraq Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) həmkarlar ittifaqı işçiləri üçün “İşgüzar ünsiyyətin psixologiyası. Ünsiyyət modelləri.” “Dinləmə və izahetmə bacarıqları”, “Auditoriya həyəcanının aradan qaldırılması və natiqlik bacarığı” mövzuları üzrə kurslar təşkil edilmişdi.

Kurslarda mühazirəçi qismində dəvət olunmuş təcrübəli psixoloqlar, təlimatçılar dinləyicilərə proqram çərçivəsində əsasən aşağıdakı xüsusiyyətləri aşılamağa çalışdılar: həmkarlar ittifaqı təşkilatı rəhbərinin və fəalının auditoriya qarşısında çıxış etmək bacarığı; auditoriyadan asılı olmayaraq hədəf bir olmalıdır: çıxışa maraq oyatmaq, lazımi informasiyanı vermək, mümkün qədər dəqiq və qaneedici səviyyədə sualları cavablandırmaq; böyük auditoriya qarşısında çıxış etmək, lazım gələrsə, səni bürüyəcək həyəcanı necə aradan qaldırmaq olar? Gözlənilən görüşdə edəcəyin çıxışa, təqdimata qabaqcadan hazırlaşmaq mümkündürmü? Mümkünsə, bunu necə etməli? Nitqini, səsinin tembrini və intonasiyanı necə idarə etməli?

AƏSMA-da paralel olaraq “Kadr işinin əsasları. Psixoloji aspektlər”, “Əmək sahəsindəki beynəlxalq hüquqi standartlar və Azərbaycanda tətbiqi” mövzularında kadr işçiləri və hüquqşünaslar üçün ayrı-ayrı kurslar təşkil edilmişdi. Kurslarda müvafiq olaraq 28 və 21 nəfər iştirak etdi.

Birinci adını çəkdiyimiz kursun proqramına kargüzarlıq işinin təşkili, Əmək Məcəlləsinə edilmiş dəyişikliklər, kollektiv müqavilələrin bağlanması qaydaları daxil olunmuşdu.

Hüquqşünasların cəlb olunduğu kurslarda isə ləyaqətli əməyin mahiyyəti və rolu, münaqişələrin idarə olunması, beynəlxalq təcrübə barədə mühazirələr oxundu.

Sonda hər üç kursun dinləyicilərinə təhsil proqramı ilə bağlı disklər paylandı.