Kadrların düzgün seçilib yerləşdirilməsi uğurların əsasında duran şərtlərdəndir


Baxıldı : 48

Tarix : 2017-10-07 00:33:08


Peşə günü, əlbəttə, ilk növbədə sahə işçiləri üçün bayramdır. Amma həm də ötən bir ilə baxış, görülən işlərin hesabatıdır. Hər il olduğu kimi, bu il də dəmiryolçular peşə bayramını təntənəli qeyd edəcəklər. Bu təntənələrdə qürurla deməyə sözləri də olacaq. Təbii ki, kiçik bir yazıda sahə işçilərinin ötən dövrdə nail olduqları uğurların tam təfsilatını vermək qeyri-mümkündür. Ona görə də bəzi məqamları oxucuların diqqətinə çatdırmaqla kifayətlənəcəyəm.

 

Son iki ili dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiqi dövrü də adlandırmaq olar. Enerji təchizatı sabit cərəyandan dəyişən cərəyana keçib. İşarəvermə və rabitə sisteminin yeniləşdirilməsi üzrə avadanlıqlar alınıb. Yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının təzələnməsi və s. sahələr müasir tələblər səviyyəsinə çatdırılıb.

"MORAVİA STEEL" şirkəti ilə bağlanmış sazişə əsasən, Bakı-Böyük-Kəsik sahəsində 600 km. yol əsaslı təmir olunur.

Ölkə başçısı İlham Əliyevin tapşırığı əsasında "ASAN xidmət" mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar "ASAN qatar" konsepsiyası reallaşdırılıb. Səyyar "ASAN qatar" gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində bütün bu uğurlar gənc kadrlara üstünlük verilməklə qazanılıb. Yeri gəlmişkən deyim ki, sahə Hİ Respublika Komitəsi də seçkili orqanlarda gənclərin cəlb edilməsi siyasətini prioritet istiqamətlərdən sayır. Bu il keçirilən hesabat-seçki iclaslarında 23 təşkilatda gənc dəmiryolçu həmkarlar ittifaqı komitələrinin sədri seçilmişdir.

Kadrların düzgün seçilib yerləşdirilməsi səhmdar cəmiyyətin rəhbərliyi ilə Respublika Komitəsi arasında bağlanmış Kollektiv Sazişə müvafiq qaydada həyata keçirilir, yəni işə qəbul və yaxud işdən azad olunma bütün hallarda həmkarlarla razılaşdırılır.

Qapalı Səhmdar Cəmiyyətdə aparılan struktur dəyişiklikləri və islahatlara paralel olaraq həmkarlar ittifaqı təşkilatlarında da "Həmkarlar ittifaqları haqqında" qanuna və təşkilatımızın Nizamnaməsinə uyğun struktur dəyişiklikləri aparılmışdır.

Cəmiyyətin tabeçiliyində yeni yaradılan "5 saylı İxtisaslaşdırılmış Dəmiryol Müəssisəsi" MMC, "11 saylı İxtisaslaşdırılmış Dəmiryol Müəssisəsi" MMC, "ADY-ekspress" MMC-də həmkarlar ittifaqı təşkilatları yaradılmış və müvafiq qayda üzrə MHİRK-in birbaşa xidmətinə götürülmüşdür.

Bundan başqa, Yük Daşımaları təsərrüfatı işçiləri, Lokomotiv təsərrüfatı işçiləri, Vaqon təsərrüfatı işçiləri birləşmiş HİK-ləri ləğv edilmiş və onların bazasında vahid Yük Daşımaları Departamentinin Birləşmiş HİK-i yaradılmışdır.

Hazırda 22000 nəfər üzvü olan ittifaqımız 6 Birləşmiş və 104 ilk həmkarlar ittifaqı komitəsini əhatə edir.

Komitə tərəfindən həmkarlar ittifaqı kadr və fəallarının biliklərinin artırılmasına xüsusi diqqət yetirilir. Son illər ərzində 72 nəfər AHİK-in xətti ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilən kurslarda təhsil almışdır.

Komitənin Plenum və Rəyasət Heyətinin iclaslarında dəmiryolçuların sosial-iqtisadi problemlərinin həlli, hüquqlarının qorunması, əməyinin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına və Əmək Məcəlləsinin tələblərinə riayət olunması, əməkhaqqı və digər müavinətlərin ödənilməsi, işçilərin ərizə və şikayətlərinə baxılmasının vəziyyəti müzakirə edilmişdir. Mövcud problemlər araşdırılmış və onların aradan qaldırılması üçün müvafiq qərarlar qəbul edilmiş və məsul işçilərə lazımi tapşırıqlar və tövsiyələr verilmişdir. Dəmiryolçuların Müstəqil HİRK-in gündəlik qayğısı və daimi nəzarəti nəticəsində əməyin mühafizəsi məsələləri xeyli yaxşılaşmış, əməkçilərin zədəalma halları ötən dövrlərlə müqayisədə azalmışdır.

Respublika Komitəsinin müvafiq komissiyalarının səyi nəticəsində işçilərə 450 min manat əməkhaqqı və digər müavinətlər qaytarılmışdır. Kollektiv sazişə əsasən, onlarla dəmiryolçu müəssisənin hesabına mənzillə təmin olunmuşdur.

Təbii ki, sadaladığım bu yaxşı işlərlə yanaşı, həllinə hələ də nail ola bilmədiyimiz problemlərimiz var. Onların aradan qaldırılmasına elə dəmiryolçuların özləri ilə birlikdə çalışırıq.

Əziz dəmiryolçular! Sizi peşə bayramınız münasibətilə təbrik edirəm. İşinizdə, şəxsi həyatınızda uğurlar arzulayıram.