Karantin rejiminin uzadılması  vətəndaşların sağlamlığına hədəflənib


Baxıldı : 383

Tarix : 2020-07-27 04:06:29


Təbii ki, əhali pandemiya ilə bağlı karantin rejiminin uzadılmasını narahatlıqla qarşılayır. Xüsusilə yay mövsümündə istirahətini təbiətin qoynunda keçirməyə alışmış insanlara bu məhdudiyyətlər psixoloji təsir göstərir. Millət vəkili Vüqar Bayramov əhalinin bu narahatlığının anlaşılan olduğunu söylədi. “Lakin əhali də yaxşı bilir ki, karantin rejiminin vaxtaşırı uzadılması onların sağlamlığının qorunması, pandemiyanın yayılma miqyasını azaltmaq tələbindən irəli gəlir” - dedi. Bildirdi ki, dövlət karantin rejimini tətbiq etməklə yanaşı, vətəndaşlarının rifah halına da diqqətlə yanaşır. Məlum olduğu kimi, iqtisadi, sosial paket çərçivəsində vətəndaşlara və sahibkarlara müəyyən dəstək nümayiş olundu. Hesab edirəm ki, növbəti günlərdə də vətəndaşların sosial təminatının gücləndirilməsi istiqamətində müəyyən addımlar atılacaq. 

V.Bayramov karantin rejiminin tezliklə başa çatması işinə vətəndaşlarımızın da töhfələr verməsinin vacib olduğunu vurğuladı. Bildirdi ki, tibbi maskalar taxılmalı, sosial məsafə gözlənilməli, gigiyenik qaydalara əməl olunmalıdır.
Millət vəkili Fazil Mustafa isə karantin rejiminin,  xüsusilə də iqtisadi sfera ilə bağlı, daha fərqli formada tətbiqinin mümkünlüyünü söylədi: “Düşünürəm ki, qaydalara əməl olunmasını təmin etməklə, bütün iş yerlərinin fəaliyyəti zəruridir. Çünki işləyən əhalinin əməkhaqqı almasına şərait yaradılmalıdır.  Metro açılmasa da, yerüstü nəqliyyatın, avtobusların sayı artırılmalıdır. Lakin bununla bərabər, gərək insanlar da məsuliyyətli davransın ki, virusun yayılması məhdudlaşdırılsın”.
İqtisadçı-ekspert Natiq Cəfərli ölkədə, rəsmi rəqəmlərə əsasən, ümumi daxili məhsulun üç faizə qədər azaldığını söylədi: “Əsasən də ictimai iaşədə, xidmət sahəsində, turizmdə, bir sözlə, rəsmi və qeyri-rəsmi sahələrdə təxminən 600-700 min insan  çalışır ki, pandemiyaya görə bu sahələrin çoxu bağlıdır. Açıq sahələrdə isə, insanların alıcılıq qabiliyyətinin aşağı düşməsi səbəbindən, dövriyyə azdır”.
N.Cəfərli əlavə etdi ki, ümid edirəm tezliklə iqtisadi çarxların fəaliyyəti bərpa olunacaq, əks halda uzun sürən karantin rejimi nəticəsində yaranmış iqtisadi zərərin bərpası çox zaman ala bilər.

Əsli Əhmədova