Kənar müdaxilələrə yol verilməməlidir


Baxıldı : 136

Tarix : 2017-01-06 22:52:17


Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının növbəti - VI Məclisi 2017-ci ildə keçiriləcək hesabat-seçkilərə hazırlıq məsələsinə həsr olunmuşdu.

Məsələ ilə bağlı ittifaqın sədr müavini, təşkilat şöbəsinin müdiri Əhməd Əhmədov məruzə etdi. Dedi ki, biz çox mühüm bir kampaniyanın ərəfəsindəyik. Gələcək fəaliyyətimizin səmərəsi bu kampaniyanı nə dərəcədə ədalətli təşkil edəcəyimizdən, ona hazırlığımızın səviyyəsindən asılı olacaq. Nəzərə almalıyıq ki, hesabat-seçki kampaniyası ilk növbədə təşkilatımızın təbliği, nüfuzunun artırılması baxımından əlamətdar hadisədir. Təbliğat və nüfuzun əsasında isə konkret iş və onun işçilərə çatdırılması durur.

Ona görə də birləşmiş həmkarlar ittifaqlarının, ilk təşkilatların hesabat dövründəki fəaliyyətləri ətraflı təhlil edilməlidir. Uğurları və buraxılan səhvlər dərindən öyrənilməlidir. Təhlillər əsasında hazırlanmış məruzələrdə hesabat dövründə müşahidə olunmuş ən aktual məsələlərə münasibətdə tutduqları mövqe, problemlərin həllində iştirakının nəticələri və sair əksini tapmalıdır.

Gələcək fəaliyyət proqramı müəyyənləşdirilib yığıncaq iştirakçılarına təqdim olunmalıdır. Proqramda əsasən ixtisarlar zamanı hansı halların yolverilməz olduğuna diqqət yetirilməlidir. Tələb edilməlidir ki, komitələrin yeni üzvləri daha layiqli, müəyyən üstünlüklərə malik işçilərin ixtisardan kənarda qalmasına nail olsunlar. Əməkhaqlarının, müavinətlərin ödənilməsini, iş yerlərində təhlükəsiz vəziyyətdə olmasını daim nəzarətdə saxlasınlar.

Yığıncaqların keçirilmə prosesinə toxunan natiq qeyd etdi ki, seçkilərdə kənar müdaxilələrə, maraqlara yol verilməməlidir. Komitə üzvlüyünə namizədlər təklif olunarkən onların savadı, cəsarəti, problemləri nə dərəcədə həll etmək gücündə olduğu kimi xüsusiyyətləri əsas götürülməlidir. Gender bərabərliyi nəzərə alınmalıdır. İstedadlı, ictimai işlərdə perspektivli gənclərə etimad göstərilməlidir.

Uzun müddət həmkarlar ittifaqı işində çalışmış yaşlı nəslin nümayəndələrinə də komitədə yer ayrılmalıdır. Çünki gənclik və təcrübə vəhdət təşkil edəndə problemlərin həlli daha asan olur.

Məruzədə digər məsələlərə də toxunuldu. Məruzə ətrafında çıxışlarda hesabat-seçki kampaniyasının keçirilməsi ilə bağlı müxtəlif təkliflər səsləndi. Qeyd edildi ki, sahə həmkarlar ittifaqının bu sahədə böyük təcrübəsi var. Son illər ictimai fəallığı ilə diqqəti cəlb edən gənclər yetişib. Çıxışlarda mövcud problemlərə də diqqət cəlb edildi. Ümidvar olduqlarını bildirdilər ki, hesabat-seçkilərdə etimad qazanacaq komitə üzvləri toplanmış təcrübədən bəhrələnərək daha fəal movqe nümayiş etdirmək gücündə olacaqlar.

Sonra iclas iştirakçıları ittifaqın 2017-ci il üçün büdcəsini müzakirə və qəbul etdilər.

Sonda gündəlikdə duran məsələ ilə bağlı müvafiq qərar qəbul olundu.

Bəyalı RZAYEV