Keyfiyyət sağlamlığın təminatıdır


Baxıldı : 87

Tarix : 2016-12-16 22:53:32


Apteklərdə, ticarət obyektlərində satılan optik eynəklərin heç də hamısı nə keyfiyyət, nə də qiymət baxımından alıcıları təmin etmir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov təəssüflə bildirdi ki, optik eynəklərlə bağlı dediyiniz problem təkcə ölkəmizdə deyil, bütün dünyada mövcuddur. Çünki istehlakçılar daha çox ucuz mala meyil edirlər. Belə olan halda isə keyfiyyətə təminat yoxdur. Xatırladım ki, Bakının mərkəzi küçələrindən birində fəaliyyət göstərən mağazada satılan orijinal olmayan malların üzərindəki etiketlər dünyanın müxtəlif ölkələrinə məxsus məşhur brendlərə aiddir. Qiymətlər isə həmin məhsulların əsl qiymətindən qat-qat aşağıdır. Bir sözlə, azad bazar iqtisadiyyatı olduğundan istehlakçıların aldadılması halları geniş yayılıb. Belə hallara rast gəlindikdə mütləq müvafiq qurumlara müraciət olunmalıdır. Eynək şüşələrinin saxta və ya orijinal olmasını müəyyən etmək üçün alıcı mütləq sertifikat tələb etməlidir. Bu onun hüququdur. Orada istehsalçı ölkənin, müəssisənin adı, ünvanı qeyd olunur.

Bəs bu saxta eynək şüşələri gözlərimizə nə dərəcədə zərərdir? Sualımızı cavablandıran oftalmoloq Aidə Əliyeva dedi ki, pasiyentlər eynək seçimində məlumatlı olmalı və təyin olunan eynəyi aldıqdan sonra mütləq həkimə yoxlatmalıdırlar. Bəzi hallarda eynək düzgün yığılmır və xəstə təkrar müayinəyə gəldikdə onun gözünün daha da pisləşməsinin şahidi oluruq. Əsl təhlükə isə uşaqlar üçündür. Göz inkişafı tamamlanmamış, 9 yaşdan aşağı uşaqlarda yanlış eynək ucbatından müxtəlif fəsadlar yarana bilər. Uşaqlarda eynək nömrələrinin sürətli dəyişməsi səbəbi ilə hər 6 aydan bir nəzarət edilməsi məsləhətdir.

Qiymətlərın fərqliliyi ilə bağlı optometrist Bilgeyis Məmmədova bildirdi ki, bu, şüşələrin cürbəcür olması və hansı ölkədən gətirilməsi ilə bağlıdır. Almaniya, Fransa, İtaliyadan gətirilən eynəklər daha bahadır. Ən ucuz Koreya və Çin istehsalı 20-30 manat dəyərində olan optik eynəklərdir. Bakıda ən çox brend olan fransız şüşələridir ki, adi eynək 150 manat, proqressivləri 300 manata qədərdir. Orqanik şüşələr plastik şüşələrdən bahadır. Antiskrec  örtüklü şüşələr cızılmaya davamlı olur, antiblik şüşələr isə gözü mənfi təsirlərdən, kompüter, telefon, televizor şüalarından qoruyan örtüklərdir. Bir sözlə, örtük şüşədə nə qədər çox olarsa, qiymət də bir o qədər baha olur.

Əsli ƏHMƏDOVA