Keyfiyyətli və dayanıqlı su təminatına mühüm töhfə


Baxıldı : 44

Tarix : 2017-11-04 04:25:30


Azərbaycan su qıtlığı yaşayan ölkələrdəndir. Cənubi Qafqazdakı ümumi su balansının yalnız 10 faizi ölkəmizdə yerləşir.

Ümumi su ehtiyatları 35 milyard kubmetr təşkil edir. Ölkəmizin su ehtiyatlarının azlığı səbəbindən əhalinin təmiz içməli suya olan ehtiyacının təmin olunmasında, həm də kənd təsərrüfatı və sənaye məqsədilə lazımınca istifadədə problemlər yaranır.

Qeyd edək ki, Bakı şəhəri və Abşeron yarımadasının su təchizatı 4 mənbə hesabına təmin olunur. Bura Xaçmaz, Kür, Ceyranbatan və Oğuz-Qəbələ su mənbələri daxildir.

Bakının beynəlxalq standartlara uyğun ekoloji təmiz içməli su təchizatı ilə bağlı son illər görülmüş irimiqyaslı işlərə baxmayaraq, bu sahədə  hələ də problemlər qalır.

Bu problemlərdən birini sadalamaq istəyirəm. 2000-ci illərə qədər tikilən bütün binaların damlarındakı su çənlərini istənilən yerdən izləmək mümkün idi. Bu çənlərin də axarı evlərin damından küçələrə gedən yağış sularını kənarlaşdıran borulara birləşdirilib. 24 saat bu borulardan küçələrə, kanalizasiya sisteminə su axır. "Azərsu" ASC-dən sakinlərə bu çənlərin yığışdırılmasına söz verilmişdi. Lakin verilən sözə əməl olunmadı. İllər keçməsinə baxmayaraq, çoxlarının tələb etdiyi su sayğacları hələ də quraşdırılmayıb. Bir vətəndaş kimi dəfələrlə aidiyyəti qurumlardan xahiş etmişəm ki, mənzilimizə su sayğacı qoysunlar. Amma müraciətim yerinə yetirilməyib. Səbəbi çoxlarına məlumdur. Ayda 4 nəfərə 11 manata yaxın pul ödəyirəm. Ancaq istifadə etdiyimiz suyun dəyəri 4-5 manat civarındadır.

Hər birimiz vətəndaşlıq borcumuzu layiqincə yerinə yetirməliyik. İçməli suyun texniki məqsədlərlə istifadəsinə yol verilməməlidir. Dəfələrlə yaşadığım binanın qarşısındakı prospektdə axşam yağan yağışdan sonra çəmənliyin, ağacların əhalinin içdiyi su ilə suvarılmasını görmüşəm. İradlarımı bildirmişəm.

Azərbaycan Respublikası regionlarının davamlı inkişafı, əhalinin sağlamlığının qorunması və layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu baxımdan əhaliyə verilən içməli suyun keyfiyyətinin yaxşılaşdırılması daim dövlətin prioritetləri sırasındadır və bu sahədə müntəzəm işlər görülməkdədir. Son illər qəbul olunmuş dövlət proqramlarının uğurla icrası nəticəsində regionların içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun olaraq yenidən qurulmuş, sakinlərin içməli su ilə fasiləsiz təminatı sahəsində mühüm nailiyyətlər əldə edilmişdir.

İstehlakçılara göstərilən xidmətlərin keyfiyyətini artırmaq, əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunmasının başlıca meyarlarından biri olan dövlət standartlarına uyğun keyfiyyətli içməli suyun fasiləsizliyini təmin etmək, habelə istehlak edilən suyun uçotunu dəqiq aparmaq və itkilərin qarşısını almaq məqsədilə müvafiq suölçən cihazların quraşdırılması başlıca şərtdir.

Prezident İlham Əliyevin bu günlərdə imzaladığı Sərəncama əsasən, su sayğacları evlərə dövlət hesabına qoyulacaq. Və bunun üçün ilkin olaraq 15 milyon manat vəsait ayrılıb. Ən böyük vətəndaşlıq borcu elə budur.

Bütövlükdə isə içməli su sektorunda həyata keçirilən infrastruktur layihələrinin icrası ölkə əhalisinin keyfiyyətli və dayanıqlı su təminatına mühüm töhfələr verəcək.

Əhəd İBADOV