Əkib-becərməyənlər cərimə ödəyəcəklər


Baxıldı : 214

Tarix : 2016-04-22 04:40:00


Azərbaycan hökuməti kənd təsərrüfatı torpaqlarından təyinatı üzrə istifadə edilməməsinə qarşı sərt tədbirlərə başlayır. Milli Məclisin İqtisadiyyat, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında müzakirə olunan \ Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında\ qanun layihəsi barədə məlumat verən Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva bildirib ki, Məcəlləyə edilən dəyişikliklər ilk növbədə aqrar sahənin daha da inkişafını nəzərdə tutur. Kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə etməyənlər üçün vergi dərəcələri artırılır. İndiyə qədər kənd təsərrüfatına yararlı torpaqlardan istifadə etməməyə görə hər 100 kvadratmetrə görə 6 qəpik vergi nəzərdə tutulurdusa, bundan sonra bu məbləğ artaraq 10 manat təşkil edəcək. Mütəxəssislər hesab edirlər ki, vergi dərəcəsinin artırılması aqrar sektorun inkişafına imkan verəcək. İqtisadçı Aydın Hüseynovun sözlərinə görə, bəzi kənd təsərrüfatına yararlı torpaqlar üzrlü səbəb olmadan uzun müddət təyinatına uyğun istifadə olunmur. Buna görə vergi dərəcəsinin artırılması bu torpaqlardan təyinatına uyğun istifadəni stimullaşdıracaq. ELBRUS