Kim çox əməkhaqqı alırsa...


Baxıldı : 394

Tarix : 2015-02-21 04:37:00


Dövlət Sosial Müdafiə Fondu (DSMF) yeni pensiya modelinə əsasən, yaxın illərdə məcburi dövlət sosial ödənişinin balansının dəyişdirilməsini tətbiq etməyi planlaşdırır. Strateji plana əsasən, sosial ödənişin strukturunda işəgötürənin ödəniş əmsalının sabit qalması və yaxud cüzi azaldılması, işçinin əmsalının isə artırılması nəzərdə tutulur. Fondun sədri Elman Mehdiyevin sözlərinə görə yeni layihə ilə bağlı MDB və Avropa ölkələrinin mütərəqqi modelləri nəzərdən keçirilir. ABŞ və Qərbi Avropa ölkələrində sosial ödəniş əmsalı təxminən 50/50-yədir. Yəni işəgötürən və işçi eyni səviyyədə məcburi sosial ödəniş haqqı ödəyir. MDB-nin əksər ölkələrində və Azərbaycanda bu ödəmə əmsalı işəgötürən tərəfindən əməkhaqqının 22%-i, işləyənlər tərəfindən isə əməkhaqqının 3%-i miqdarındadır. Elman Mehdiyevin sözlərinə görə, ölkəmizdə orta aylıq əməkhaqqının artaraq və Avropa meyarlarına çatmasından sonra bu prosesə keçid təmin oluna bilər. Azərbaycan bu məsələdə 3 variantı nəzərdən keçirir. Bunlardan biri işəgötürən üçün 20%, işçi üçün 5% nisbətidir, Digər variant 18% və 7% nisbətidir. 3-cü variant isə, işçinin maaşından asılı olaraq, onun sosial yükünün artırılmasıdır. Yəni hansı müəssisədə əməkhaqqı yuxarıdırsa, ondan daha çox məcburi dövlət sosial ödənişi tutulacaq. ELBRUS