Kirayə haqqını dövlətə ödə- mənzil sahibi ol!


Baxıldı : 151

Tarix : 2019-12-13 17:16:18


Ölkə Prezidenti İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilib. Bu sənəd, təbii ki, çox sayda insanın mənzil şəraitinin yaxşılaşdırılması baxımından dövlətimizin atdığı növbəti uğurlu addımdır. Gələn aydan tətbiqinə başlanılacaq bu  qaydaların verdiyi imkandan kim, necə istifadə edəcək?

İqtisadçı- ekspert Vüqar Bayramov dedi ki, müraciət edən şəxs elektron və asan imzaya malik olmaqla özünə elektron kabinet yaratmalıdır. Bu prosesi keçən vətəndaş Fonda şəxsiyyət vəsiqəsinin surətini (onunla birgə kirayə götürüləcək yaşayış sahəsində yaşayacaq ailə üzvləri varsa, həmçinin onların şəxsiyyət vəsiqələrinin surətləri) və gəlirlərini təsdiq edən sənədləri təqdim etməlidir. Qaydalara əsasən, rəsmi əmək müqaviləsi olmayan, fərdi sahibkarlıqla məşğul olan vətəndaşlar da  müraciət edə biləcəklər. Onlar sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surətini və vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsini təqdim etməlidirlər.

 V. Bayramov  “Qara Qarayev”, “Neftçilər”, “Əhəmədli” metro stansiyaları ətrafında daha çox mənzil təklif olunacağını dedi. Bununla yanaşı, mərhələli şəkildə digər rayonlarda, o cümlədən bölgələrdə də kirayə mənzillər təklif olunacaq. Mənzilin xərci müqavilə müddətindəki ayların sayına bölünərək aylıq ödəniş məbləği müəyyənləşəcək. Kirayə müqaviləsi 3 ildən 25 ilədək müddətə bağlanmalı və notariat qaydasında təsdiqlənməlidir.

“Kirayəçi mənzilə ən tezi hansı müddətə sahib ola bilər?” sualımızın cavabında  V. Bayramov dedi ki, müqavilə bağlandıqdan ən azı 3 il müddətdən sonra kirayəçi mənzilə sahib olmaq hüququna malikdir. 3 ildən sonra isə növbəti 22 il müddətində istənilən zaman evin xərcini ödəməklə çıxarış (kupça) ala bilər.

-İlkin ödəniş tələb olunurmu?

-Kirayə mənzilə sahib olmaq istəyən şəxs kirayə müqaviləsi bağlanıldıqdan sonra aylıq ödənişin ən azı 12 mislini, yəni birillik kirayə haqqını qabaqcadan ödəməlidir. 12 aylıq ilkin ödənişdən sonra kirayə müqaviləsi üzrə aylıq ödəniş hər ay bərabər hissələrlə ödəniləcək.

Əgər kirayəçi kirayə müqaviləsi bağlandıqdan 3 il sonra alış qiymətinin qalıq hissəsini birdəfəyə bağlamaq istəsə, o zaman Fond tərəfindən qalıq məbləğin müəyyən hissəsi güzəşt edilir. Güzəştlər barədə məlumat müqavilədə əks olunacaq.

Kirayə müqaviləsində nəzərdə tutulur ki, kirayəçi və onunla birgə yaşayan ailə üzvləri (ər-arvad, ata-ana, övladlar) Fondun yazılı razılığı ilə kirayə ünvanı üzrə pasport qeydiyyatına düşə bilərlər.

Həmsöhbətim onu da bildirdi ki, istənilən rəsmi gəlir nəzərə alınacaq. Xaricdə, xüsusən də Rusiyada yaşayan azərbaycanlılar öz ailəsinə bankla aylıq pul göndərirsə, o da gəlir kimi qəbul olunacaq. Həmçinin rayonlarda qeydiyyatda olan rəsmi gəlirləri olan vətəndaşlar da Bakıda kirayə ev almaq üçün müraciət edə bilərlər.

-Bəs hansı hallarda ev kirayəçidən geri alına bilər?

-Aylıq ödənişlər 60 gün və daha çox müddətdə ödənilmədikdə; kirayə müddətində kirayəçi vəfat etdikdə və kirayə müqaviləsi üzrə hüquq və vəzifələr kirayəçinin vərəsələrinə keçmədikdə geri alına bilər.

Əsli ƏHMƏDOVA