Kişilər 55, qadınlar isə  50 yaşından pensiyaya  çıxa biləcəklər


Baxıldı : 608

Tarix : 2020-07-04 19:25:46


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla onlara yaşa görə əmək pensiyası hüququnun verilməsi nəzərdə tutulur.
Həmçinin pensiya təyin edilərkən həm pensiya kapitalının, həm də ümumi stajın (kişilər üçün 25 il, qadınlar üçün 20 il) eyni anda tələb olunması zərurətinin aradan qaldırılması təklif edilir.
Burada əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə çalışan şəxslərin tələb olunan qədər stajı olmadığı hallarla bağlı da humanist yanaşma özünü göstərir. Belə hallar üçün tələb olunan pensiya kapitalının məbləğinin 30 faizə qədər azaldılması təklifi layihədə yer alıb.
 Vətəndaşların Hüquqlarını Müdafiə Liqasının sədri  Sahib Məmmədov bu dəyişikliyin zərərli və ağır işlərdə çalışan işçilərin güzəştli pensiya təminatına əlçatanlığını asanlaşdıracağını  dedi: “ Belə ki, əvvəllər zərərli işlərdə 12,5 il işləyən kişilər 60 yaşından, 10 işləyən qadınlar isə 55 yaşından pensiyaya çıxa bilirdilər. Bu da o halda mümkün idi ki, onların sığorta stajı və sığorta kapitalı da tələblərə uyğun səviyyədə olsun. İndi bu tələblərdə yumşalma təklif edilir. Birinci yüngülləşmə budur ki, kişilər 12,5 il, qadınlar 10 il zərərli işdə işləyibsə, iki tələbdən birinə cavab verirsə - ya sığorta stajı, ya da sığorta kapitalına qoyulan minimum həddə əməl olunursa, güzəştli şərtlərlə kişilər 55 yaşdan, qadınlar isə 50 yaşından pensiyaya çıxa biləcəklər. Bundan əlavə, hazırda 28,5 min manat sığorta yığımı olan, yaxud 25 il sığorta stajı olan şəxslər pensiya almaq hüququ əldə edirlər. Təklif olunur ki, sığorta yığımının həcminə də güzəşt edilsin”.
S. Məmmədov qeyd etdi ki, əmək şəraiti ağır olan işlər müəssisələr üzrə deyil, vəzifələr, peşələr üzrə müəyyənləşir. Məsələn, metropolitendə, metro tikintisində çalışanların böyük əksəriyyəti zərərli iş şəraitində işləyənlərdir. Səhiyyə sistemində bir xəstəxanada həkim-terapevt adi iş şəraitində, həkim-radioloq isə zərərli iş şəraitində işləyən hesab olunur. Qızıl hasilatında, neft hasilatında, kimya, əczaçılıq, metallurgiya sahələrində çalışanların mühüm qismi zərərli iş şəraitində işləyən hesab edilirlər. Və hesab edirəm ki, zərərli iş hesab olunan vəzifələrin siyahısına müntəzəm olaraq dəyişikliklər olunmalıdır. Çünki elə yeni vəzifələr yaranır ki, onları da əlavə etmək lazım gəlir. Qeyd edim ki, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları Nazirlər Kabineti tərəfindən təsdiqlənir. Əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər də həmin siyahı əsasında müəyyən olunur.
S.Məmmədov onu da qeyd etdi ki, bəzən bir insanın güzəştli pensiya hüququ əldə etməsi üçün bir neçə ay çatışmır . Mənə elə gəlir ki, bu məsələlərlə də bağlı addımlar atılmalıdır. 

Əsli ƏHMƏDOVA